YARAT Müasir İncəsənət Məkanının onillik yubileyi qeyd edilib - FOTO



Daş Salnamə muzeyində YARAT Müasir İncəsənət Məkanının 10 illik yubileyinə həsr olunmuş “Ön söz-On söz” sərgisinin açılışı baş tutub.

YARAT-dan LIFE.az-a verilən məlumata görə, sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Sərgidə YARAT-ın ilk “Ön söz” layihəsinə istinad edilərək ilk dəfə olaraq YARAT-ın sifarişi ilə hazırlanmış seçmə əsərləri və 10 il ərzində toplanan unikal kolleksiyaya daxil olmuş ən mühüm əsərlər bir ekspozisiyada nümayiş etdirilib. Ekspozisiya yaddaş və tarix, keçmişin indiki reallığa nə qədər təsir etməsi mövzularını əhatə edir. Sərgidə Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Aida Mahmudova, İdris Xan, Habib Saher, Mahmud Rüstəmov, Orxan Hüseynov, Vüsal Rəhim, Leyli Salayeva, Çinara Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərləri təqdim olunub.

Afruz Amighi-nin xüsusi olaraq 55-ci Venesiya Biennalesi üçün hazırlanmış “Adsız” əsərində tarixi meyarların içində qərq olmuş və vizual zənginliyi özünün dərinliklərində gizlədən obrazlılıqdan istifadə edilir.

İdris Xanın “Dünyanın axırı üçün kvartet” layihəsi XX əsrdə yaşanmış vəhşiliklərin yaddaşlardan silinməməsinə həsr olunur və sənətkar qəlbindəki sarsılmaz yaratmaq eşqinin təntənəsidir. Sərgidə həmçinin İdris Xanla rəqqasə Sara Vorsopun birgə işi olan “İntizar içində” video əsəri nümayiş olunur.

Mahmud Rüstəmovun xarakterik modernist üslubda hazırlanmış “Üfüqdə yatmış” heykəli göylərdən enmiş ilahi buludda yerləşən bolluq buynuzunu əks etdirir.

Orxan Hüseynovun “Sovetski atelyesi” videofilmi Bakının keçmiş Sovet küçəsinə həsr olunub.

Rəşad Ələkbərovun “Do Not Fear” (Qorxma) və “Qeyri müəyyənlik” əsərləri xüsusi olaraq 56-cı Venesiya Biennalesi üçün hazırlanıb və tarixi simvolika mövzuları ətrafında hazırlanıb.

Habib Saherin “Qodonu gözləyərkən” heykəl instalyasiyası, sərginin davam etdiyi müddətdə yaşlı ağacdan gips kəllələrin düşməsi ilə zamanın ötüb-keçməsini ehtiva edir.

Elturan Məmmədovun 2011-2018-ci illərdə hazırlanan fotoqrafiya silsiləsi insanlar və ətraf-mühiti fərqli kontekstdən nümayiş etdirir. Onun digər instalyasiyası ikimənalı olaraq “Son zəng” adlanır və Azərbaycanda erkən nikah problemlərinə həsr olunub.

Fotoqraf Çinarə Məcidova və şairə Leyli Salayevanın “Yalnız kişilər üçün (qadınlar, utanmayın)” adlı birgə layihəsi 12 qadının şeir söyləməsini əks etdirir. Layihənin başlıca məqsədi, diqqəti qadınların özlərini zəif və müdafiəsiz hiss etməyə vadar edən məqamlara yönəltməkdir.

Vüsal Rəhimovun “Nurcan” adlı performansı erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, cəmiyyətə bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir.

Aida Mahmudovanın “Adsız” instalyasiyası “Sovetski” məhəlləsindən götürülmüş dekorativ qapıdan ibarətdir və yaddaş, nostalji və yerli bənzərsizlik ilə bağlı Azərbaycanın modernləşməsini əks etdirir.

Faiq Əhmədin “Sosial anatomiya” videosu Azərbaycan xalça naxışlarının simmetriyasını və burada istifadə edilən düzbucaqlı yaşıl və qırmızı parça ilə haşiyələnmiş quruluşu göstərir. Videoda anonim iştirakçılar sosial quruluşu simvollaşdıran canlı xalçanı yaradırlar.

Eyni zamanda YARAT-ın təsis olunduğu 2011-ci ildən başlayaraq reallaşdırdığı müxtəlif ictimai, təhsil və sərgi layihələrinin xronologiyası və arxiv materialları YARAT Müasir İncəsənət Mərkəzinin 1-ci mərtəbəsində nümayiş olunur.
































 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri