Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşün yekunu ilə bağlı bəyanat yayıb

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.

"Live.az" xəbər verir ki, bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.

Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.

Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri