Dövlət Xidməti: "Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı gözlənilir"


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) üzvləri arasında ölkəmizdə rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Bu barədə "Report"a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros, CCIAF-nin idarəedici direktoru Zibər Hüseynova bu formatda olan təşkil edilən görüşlərin, aparılan müzakirələrin, dövlət-özəl sektor tərəfdaşlığının önəmini qeyd ediblər.

Dövlət Xidməti rəisinin müavini Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, antiinhisar nəzarəti və rəqabət sahələrində davamlı institusional islahatların aparıldığını, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə olunduğunu qeyd edib.

Tədbirdə bildirilib ki, qisa müddət ərzində Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı gözlənilir.

Bununla yanaşı, dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni qanunun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Qeyd edilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir. Bununla yanaşı, azad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabət qabiliyyətliliyin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.

Sonda tədbir iştirakçıları arasında rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinə dair müzakirələr aparılıb, Dövlət Xidmətinin nümayəndələri tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri