"Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib
- 28.12.2021, 18:56,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini rəmzi olaraq nümayiş etdirən “Qarabağ İlmələrdə” layihəsinin yekun təqdimat mərasimi keçirilib.
27 sentyabr tarixindən başlayan layihə çərçivəsində toxunması nəzərdə tutulan xalçaya müxtəlif bölgələrimizdən olan minlərlə insan İlmə vurub. Üzərində Şanlı Qələbəmizi simvolizə edən Xarı Bülbül nişanəsi olan Qarabağ “Çələbi” xalçası Vətən müharibəsində hər bir vətəndaşımızın həmrəyliyinin, zəhmətinin, birlik və bərabərliyinin rəmzi olaraq hazırlanıb. İlk ilmələri müharibə iştirakçıları tərəfindən vurulan xalçanın sonuncu ilmələri zəfər günü ərəfəsində Şuşada toxunub. Layihə çərçivəsində paralel olaraq “Qarabağ ilmələrdə” adlı sənədli filmi də hazırlanıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə həyata keçirilən “Qarabağ İlmələrdə” layihəsi davam etdiyi müddət ərzində toxunan xalçanın kəsim mərasimi 28 dekabr tarixində, Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində həyata keçirilib.
Şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Nizami Kino Mərkəzində baş tutan tədbirdə qonaqlar əvvəlcə filmi izləyiblər. Layihənin əhəmiyyəti haqqında çıxış edən Mədəniyyət naziri Anar Kərimova yaradıcı qrupa təşəkkürnamə təqdim edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov , “Qarabağ ilmələrdə” layihəsinin rəhbəri, telejurnalist Orxan Cabbarlı və digər qonaqlar layihə haqqında fikirlərini bildirərək, Vətən müharibəsinin ildönümü ərəfəsində bu tipli sosial layihələrin əhəmiyyəti haqqında danışıblar.
Sonda isə şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və şəhid Denis Əliyev - Proninin həyat yoldaşı Aynurə Əliyeva toxunan xalçanın kəsimini ediblər.