Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
LIVE.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzalayıblar.
Azərbaycan Respublikasının energetika naziri, Hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzalayıblar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukraynanın İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşçenko Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yuri Vitrenko "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sergiy Zavadski Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.
Volodimir Zelenski: "Ukrayna və Azərbaycan strateji tərəfdaşdır"
“Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub”.
Bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
V.Zelenski qeyd edib ki, Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb.
Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir.
V.Zelenski qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.
Ukrayna Prezidenti həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib.
İlham Əliyev: “Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”
“Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.
Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb.
“Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, - dövlət başçısı əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.