Səfir: “Azərbaycan və Çinin pandemiya ilə mübarizədə əməkdaşlığı nümunədir”



“Bu il Azərbaycan və Çin tibb və vaksin tədarükü sahəsində əməkdaşlığın inkişafını davam edəcək”.

Bunu report-a Çinin Azərbaycandakı səfiri Qo Min bildirib.

Diplomat ölkələrin pandemiya ilə birgə mübarizə sahəsində böyük nəticələrə nail olduqlarını qeyd edib: “Biz bu sahədə digər ölkələr üçün nümunəyik. Çin istehsalı olan “Sinovac” vaksininin növbəti partiyasının Azərbaycana konkret tədarük tarixi hələ məlum deyil, lakin tələb olarsa, səfirlik bu işdə əlindən gələn köməyi edəcək".

O vurğulayıb ki, ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetləri ötən il Azərbaycan Prezidenti İlham Əliyev və ÇXR-in sədri Si Szinpin arasında baş tutmuş telefon danışığı zamanı müəyyən edilib.

“Bir kəmər – bir yol” layihəsi çərçivəsində əməkdaşlığımız uğurla inkişaf edir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik və bu imkandan yararlanaraq, bütün sahələrdə qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirəcəyik”, - xanım səfir deyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri