Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsinin səbəbi açıqlanıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun bir çox qurğuların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov fevralın 1-dən ölkəyə idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzinini gömrük rüsumundan azad edilməsini şərh edərkən bildirib.

“Heydər Əliyev adına Neft Emalı Zavodunda mütəmadi olaraq təmir və əsaslanma işləri aparılır. Bu cür işlər bütün neft emalı zavodlarında həyata keçirilir. Buna görə də, ildə bir dəfə olmaqla zavodun bir çox qurğuların fəaliyyəti müvəqqəti dayandırılır. Dövri təmir işləri adətən bir ay və bir aydan bir az çox davam edə bilər", - İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, ötən il dövri təmir işləri həyata keçirilmədi: "Bəzi optimallaşmaya görə bu mümkün olmayıb. Həmçinin, bu ilə qədər təxirə salındı. Bu il də zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavod dayandırılmalıdır. Dövri təmir sazlama işləri də aparılmalıdır. İlin birinci yarısında bu işlər həyata keçiriləcək".

İ.Əhmədov vurğulayıb ki, bu mütəmadi olaraq həyata keçirilən bir prosesdir, yenilik deyil: "Belə olan halda zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövri təmir müddətində ölkənin benzinə olan tələbatına yetməyə də bilər. Buna görə də, SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Bununla da, benzinin istehsalına yenidən başlayanadək bir pəncərə yaradılır ki, bu müddət ərzində SOCAR lazımlı qədər, ölkə tələbatına uyğun olaraq benzin idxal edə bilsin.

Dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilər. Lakin benzini istehsal edən qurğular həmin müddətdə işləmədiyinə görə, benzin idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökümət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır, lakin bu müvəqqəti addımdır və dövri təmiri başa çatandan sonra zavodun normal fəaliyyəti bərpa olunacaq. Benzinin istehsalı davam etdiriləcək”.

Qeyd edək ki, bu qun Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, Azərbaycana idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzinin hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri