“Utancaq qız” monotamaşanın premyerası baş tutdu
- 07.02.2022, 11:03,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Utancaq qız” monotamaşanın premyerası baş tutdu
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası baş tutdu.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Janr etibarı ilə digərlərindən fərqlənən bu qeyri-adi tamaşanın yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovun böyük peşəkarlıqla ifa etdiyi obraz zaman və məkan çərçivəsinə sığmayan geniş təəssüratlar yaradır. Onun dilindən ümumbəşəri problemlərin dərinliyi ön plana çəkilir, bütün təzadlar, tərəddüdlər, emosionallıqla ifadə olunur. Sanki bir nəfərin çiyinlərinə milyonlarla insanın yaşantıları yüklənib. Çox qəribədir, sanki aktyorun ürək çırpıntılarını da eşitmək olur...
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artisti Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.
Səhnə əsərində dünyaşöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.