Bayden: “ABŞ Ukraynada raketlər yerləşdirmək niyyətində deyil”



“ABŞ-ın Ukraynada raketləri yoxdur və gələcəkdə orada raket yerləşdirmək niyyətində deyil”.

Bunu ABŞ prezidenti Co Bayden bildirib.

Onun sözlərinə görə, ölkəsi problemlərin diplomatiya yolu ilə nizamlanmasına hazırdır:

“Lakin ABŞ Rusiyanın Ukraynaya qarşı mümkün hərbi müdaxiləsinə də qəti cavab verməyə hazırdır. Eyni zamanda ABŞ hökuməti Rusiya ilə təhlükəsizlik razılaşmaları əldə olunarsa, bunu yazılı formaya salmağa hazırdır. Bu həftəsonu mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışanda Rusiya, ABŞ və Avropa ölkələri arasında yazılı anlaşma əldə etmək üçün yüksək səviyyəli diplomatiyanı davam etdirməyə hazır olduğumuzu açıq şəkildə çatdırdım.

Həm bizim, həm də Avropanın təhlükəsizlik problemləri var. Prezident Putin və mən razılaşdıq ki, komandalarımız avropalı tərəfdaşlarımızla birlikdə bu məqsədə doğru işləməyə davam etməlidir. Dünən Rusiya hakimiyyəti diplomatiyanı davam etdirməyə hazır olduqlarını açıqladı. Razıyam. Diplomatiyaya uğur qazanması üçün hər cür şans verilməlidir”.

Bayden əlavə edib ki, Birləşmiş Ştatlar ölkələrin öz ittifaqlarını seçməkdə azad olması ilə bağlı əsas prinsipindən güzəştə getməyəcək:

“Biz əsas prinsiplərimizdən güzəştə getməyəcəyik. Ölkələrin suverenlik və ərazi bütövlüyü hüququ var, onlar öz kurslarını təyin etməkdə və kiminlə birləşəcəklərini seçməkdə azaddırlar. Birləşmiş Ştatlar Rusiya qoşunlarının təlimlərdən sonra daimi dislokasiya yerlərinə qayıtmasını alqışlayacaq, lakin hələlik bu barədə məlumatı təsdiq edə bilmirik. Rusiya Müdafiə Nazirliyi bu gün elan edib ki, bölmələrdən bəziləri Ukrayna yaxınlığındakı mövqelərini tərk edirlər. O yaxşı olardı. Amma biz bunu hələ təsdiq etməmişik. Biz hələ ki, Rusiya hərbi hissələrinin daimi dislokasiya yerlərinə qayıtmasına əmin olmamışıq”.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri