“Qobustan dünyası” jurnalının və “Qavaldaş” animasiya filminin təqdimatı keçirilib

 


Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” animasiya filminin təqdimat mərasimi keçirilib.Jurnalın ilk buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin xatirəsinə ithaf olunub.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev xalqın formalaşmasında mədəniyyətin vacib amil olduğunu vurğulayıb: “Mədəniyyət bir millətin kimliyidir. Mədəniyyət xalqın həyatında, onun gündəlik davranışlarında təzahür olunur. Mədəniyyət inkişaf edərsə bütövlükdə ölkə inkişaf edər. Qobustan tək Azərbaycan üçün deyil, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır. Çünki Qobustan Azərbaycanla yanaşı bütün dünya xalqlarının tarixini əks etdirir, bir növ onun tərkib hissəsi, elementi kimi götürülür. Qobustan qayaüstü rəsmlər onu göstərir ki, insan ilk dəfə gördüyünü rəsm vasitəsilə əks etdirməyə çalışıb. İnsan bunu yaddaşını qorumaq üçün edib. Bu tarix musiqi, rəqs və mədəniyyətin digər sahələri ilə yanaşı, indi də rəqəmsal vasitələrlə gələcək nəsillərə ötürülür. Qobustan yalnız yaşayış məkanı deyil, eləcə də ayinlərin keçirildiyi bir yer olub. O, böyük bir mədəniyyəti əks etdirir”.
Qobustanın tarixi haqqında qısa məlumat verən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmlər namizədi İshaq Cəfərzadə 1939-cu ildən Qobustan qoruğunun tədqiqinə böyük əmək sərf edib. O, 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və digər arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. O, vəfat etdikdən bu işi alim Cəfərqulu Rüstəmov və həyat yoldaşı tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova davam etdirib. 1966-cı ildə Qobustan qoruğu SSRİ nazirlər sovetinin qərarına əsasən Qobustan Dövlət Tarix Qoruğu statusunu alıb. 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bundan sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən qoruq milli status alıb. Daha sonra 2011-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası tikilib. Bu bina qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeylərinin sırasına daxil edilib. Qoruq 2019-cu ildə ICESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
Qoruğun fəaliyyət istiqamətlərindən danışan Vüqar İsayev bildirib ki, birinci istiqamət bu tarixi məkanı gələcək nəsillər üçün qorumaq, ikincisi qoruqda elmi tədqiqat işlərini davam etdirmək, üçüncü istiqamət isə qoruğu təbliğ etməkdir. Qeyd edib ki, çox zaman turistlər bələdçilərə sual verərkən məlum olur ki, onlar Qobustana gəlməzdən öncə hazırlaşırlar, çünki onların verdiyi suallar adi suallar olmur. Bu onu göstərir ki, dünyada Qobustana maraq olduqca böyükdür.
Bildirib ki, Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun ən vacib fəaliyyət istiqamətlərindən biridir. Qobustan Milli Tarix- Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi- metodiki, populyar jurnalı, jurnalın rəsmi saytı və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir. Jurnal satış üçün deyil təbliğat məqsədilə yaradılıb. Jurnalın internet üzərindən yayımlanması isə onu hamı üçün əlçatan edir.
“Qavaldaş” animasiya filmi barədə danışan Vüqar İsayev bildirib ki, filmin bir hissəsi ABŞ, bir hissəsi Türkiyədə çəkilib, montaj hissəsi isə Azərbaycanda tamamlanıb. Animasiyada uşaqlar Qobustanla bağlı öz fikirlərini bölüşüblər. Yaxın zamanlarda filmin rus və ingilis dillərinə dublyaj etdirilməsi də nəzərdə tutulub. Hazırda filmi Qobustan Milli Tarix-Bədii Qoruğunun yutub kanalında izləmək olar.
“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova jurnalın ilk buraxılışı münasibətilə qoruq işçilərini təbrik edib. Bildirib ki, müasir dünyada jurnal hələ də bizim üçün ən dəyərli hədiyyədir. O, həmçinin animasiya filminin böyük zövqlə çəkildiyini deyib və filmi seyr edən uşaqların yaddaşında özəl xatirə kimi qalacağını vurğulayıb. O, Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib və yeni-yeni layihələrin işıq üzü görməsini arzulayıb.
Tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova deyib: “Çox şadam ki, bu gün Qobustanla bağlı bu qədər qonağım var. İstəyirəm burada iştirak edənlər Qobustanı öz evi saysın. İshaq Cəfərzadənin dediyi kimi Qobustanı tanımaq üçün onu canlı izləmək lazımdır. Qobustanla dünyanın hər yerində maraqlanırlar. Buna görə çox sevinirəm ki, xarici alimlər bizimlə əlaqə saxlayır və Qobustan haqqında məqalələrlə çıxış edirlər. Qazıntılar yolu ilə Qobustanın tarixi öyrənilir, bu abidənin kimə mənsub olduğu, bu günə qədər qaranlıq qalan, heç kimə məlum olmayan məsələlərə aydınlıq gətirilir”.
Qobustanla bağlı 60 ildir tədqiqatlar aparan və bu qədim məkanı bütün dünyaya olduğu kimi təqdim edən Füruzə Muradova onunla işləyən bütün əməkdaşlara minnətdarlığını bildirib və hamını Qobustan qoruğunu ziyarət etməyə çağırıb.
Sonda “Qavaldaş” animasiya filmi nümayiş olunub.




Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri