Avropa İttifaqının (Aİ) liderləri Ukrayna ilə əlaqələri və tərəfdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər, ölkənin Aİ üzvlüyünə namizəd statusunun verilməsindən söhbət getmir.
LIVE.az Report-a istinadla xəbər verir ki, nəticələr Aİ-nin martın 10-11-də Versalda (Fransa) keçirilən qeyri-rəsmi sammiti çərçivəsində qəbul edilib. Ukrayna məsələsinin müzakirəsi cümə axşamı yerli vaxtla saat 21.30-da (Bakı vaxtı ilə saat 00:30) başlayıb və cümə günü saat 2:30-da (Bakı vaxtı ilə saat 5:30) başa çatıb.
“Avropa Şurası Assosiasiya sazişində qeyd olunduğu kimi, Avropanın istəklərini və Ukraynanın Avropa seçimini tanıyıb. 28 fevral 2022-ci ildə Ukraynanın öz müqəddəratını seçmək hüququndan istifadə edərək, Ukrayna Prezidenti ölkənin Avropa İttifaqına daxil olması üçün müraciət edib. Şura dərhal hərəkətə keçib və Komissiyaya müqavilələrin müvafiq müddəalarına uyğun olaraq bu ərizəyə rəyini bildirməyə çağırıb. Bunu gözləyərək və gecikmədən Ukraynanın Avropa yolu ilə hərəkətinə dəstək olmaq üçün əlaqələrimizi daha da gücləndirəcək və tərəfdaşlığımızı dərinləşdirəcəyik. Ukrayna bizim Avropa ailəmizə aiddir”, - qətnamədə deyilir.
Aİ liderləri Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun təhqiqat başlamaq qərarını alqışlayıblar. “Biz Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyini Beynəlxalq Atom Enerjisi Agentliyinin köməyi ilə dərhal təmin etməyə çağırırıq. Rusiyadan hərbi əməliyyatları dayandırmağı, Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz bütün qüvvə və hərbi texnikanı çıxarmasını, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb edirik.
Bundan əlavə, sənəddə deyilir ki, Aİ liderləri Ukrayna xalqına öz ölkələrini və ümumi azadlıq və demokratiya dəyərlərimizi müdafiə etməkdə göstərdikləri cəsarətə görə təşəkkür edirlər. “Biz onları tək qoymayacağıq. Aİ və onun üzv dövlətləri əlaqələndirilmiş siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcəklər. Biz Rusiyanın hücumu bitdikdən sonra demokratik Ukraynanın bərpasını dəstəkləməkdə qərarlıyıq. Biz Rusiya və Belarusa təzyiqlərimizi daha da artırmaqda qərarlıyıq. Qəbul etdiyimiz sanksiyaların tam şəkildə həyata keçirilməsini təmin edəcəyik və lazım gəldikdə növbəti sanksiyalarla operativ şəkildə hərəkət etməyə hazır olacağıq”, - sammitin yekun sənədində qeyd olunub.
Eyni zamanda Aİ liderləri Ukraynadan olan bütün müharibə qaçqınlarını müvəqqəti mühafizə təkliflərini vurğulayıblar. “Biz Avropa ölkələrinə, xüsusən də Ukrayna ilə sərhəddə yerləşən ölkələrə müharibədən ukraynalı qaçqınların qəbulunda böyük həmrəylik nümayiş etdirdiklərinə görə təşəkkür edirik. Aİ və onun üzv dövlətləri bütün qaçqınlara və onları qəbul edən ölkələrə həmrəylik nümayiş etdirməyə və humanitar, tibbi və maliyyə yardımı göstərməyə davam edəcəklər”, - yekun sənəddə qeyd olunur.
Bu baxımdan, liderlər Avropada Qaçqınlar üçün Birləşmiş Hərəkətlər (CARE) təklifinin sürətlə qəbul edilməsi və “ReactEU” qanunu vasitəsilə vəsaitlərin təxirə salınmadan istifadəyə verilməsinə çağırıblar.
“Biz Rusiyanı beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə tam əməl etməyə çağırırıq. O, Ukraynadakı qurbanlara və məcburi köçkünlərə təhlükəsiz və maneəsiz humanitar çıxışı təmin etməli, habelə oranı tərk etmək istəyən mülki şəxslərin təhlükəsiz keçidini təmin etməlidir”, - yekunda qeyd olunur.