Azərbaycanla İran arasında tarixi Anlaşma Memorandumu imzalanıb



Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi imzalayıb.

Anlaşma Memorandumu Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqındadır.  

Ümumilikdə Azərbaycan regionda mühüm enerji, o cümlədən nəqliyyat və logistika layihələrində fəal iştirak edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib.

Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir.

Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.

Həmçinin, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür.

Azərbaycan Respublikası və İran İslan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.

Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək.

İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Bu məqsədlə, körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq.

Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər.

Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlayıb tərəflərin Hökümətlərinə təqdim ediləcək.

İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur.

Bu layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxamsında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davaml bağlantısının yaradılmasında mühüm rol oynayacaq.

Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır.

Layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Memorandumun imzalanması həm də Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasınnın 30-cu ildönümünə təsadüf edir.

Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir.

Yeni iqtisadi layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisdadi inkişafında mühüm rol oynayacaq.

Sözügedən Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanıb.

Qeyd edək ki, Ermənistan növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Çünki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri