Şuşa və Ağdama avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılır

Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb.

Bu barədə mediaya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, sərnişinlər biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.

Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 64 reys həyata keçirilib, 2 800-dən çox sərnişin daşınıb.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib, Bakı-Ağdam-Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Xatırladaq ki, martın 13-də Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun geri dönüşü güclü qar və yolların buz bağlaması ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün təxirə salınıb. Onların Şuşada qalmasına şərait yaradılıb. Sərnişinlərin təhlükəsiz şəkildə geri dönmələri təmin edilib.

Həmçinin hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 və 16 mart tarixlərində Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysləri təxirə salınıb. Həmin reyslər 7 və 8 aprel tarixlərində həyata keçiriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri