Prezident: “Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu”



“Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu”.

Bunu Prezidenti İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
 
Prezident bildirib ki, Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü: “Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır”.

Dövlət başçısı Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoyduğunu vurğulayıb: “Biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm”.




APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri