Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov festivalı” keçirilib



Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov festivalı” keçirilib.Festivalda Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Aydın Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Hindistan Respublikasinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev, Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah əl Xinzab və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Əvvəlcə Qobustanın simvolu-bahar qız qonaqları salamlayıb, bayram münasibəti xalqımızı ilə təbrik edib. İgidlik, qəhrəmanlıq simvolu olan İkinci Qarabağ müharibəsi qazisi bayram məşəlini mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə təqdim edib, bayram tonqalı alovlandırılıb.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycanın YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olmuş dünya əhəmiyyətli abidəsi olmaqla yanaşı, həm də minilliklər ərzində xalqımızın adət-ənənələrini, folklorunu, etnoqrafiyasını qayaüstü təsvirlər vasitəsilə bugünümüzə çatdıran sakral məkanlardan biridir.
"Tədqiqatçılar Qobustan qoruğunun Tunc Dövrünə aid qayaüstü təsvirlərində Novruz bayramı ərəfəsində oynanılan “Kosa oyunu”, etnoqrafik ədəbiyyatda “Təkə oyunu” və ya “Təkəçi mərasimi” adlandırılan xalq oyununun qədim növünün əks olunduğunu hesab edirlər. Bu fakt onu deməyə əsas verir ki, ən azı Tunc Dövründən başlayaraq Qobustan bahar bayramının və digər xalq mərasimlərinin keçirildiyi məkan olmuşdur.
 
Novruz bayramı Azərbaycan xalqının adət-ənənlərinin, zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. Bu həm də bizim milli mədəniyyətimizin, humanist dəyərlərimizin və zəngin mətbəx mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində önəmli bir hadisədir."
Çıxış edən Tacikistan Respublikasınin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rustam Soliyev festivalda iştirakından məmnunluğunu ifadə edib, Azərbaycan xalqına Novruz bayramı münasibəti ilə xoş arzularını çatdırıb.

Festivalda “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” və s kimi Azərbaycan mətbəxinə aid plov nümunələri, habelə Hindistan, Qətər və Tacikistan mətbəxinə aid plov nümunələri iştirakçılara təqdim olunub, onlar haqqında ətraflı məlumat verilib.

Novruzun personajları- Kosa və Keçəlin məzhəkəsi, məzəli deyişmələri, kəndirbazların şouları, Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının və Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin üzvlərinin ifasında səhnəciklər, musiqiçilərin ifasında konsert proqramı, Lənkəranın "Nənələr" folklor və rəqs kollektivinin çıxışları və uşaqlar üçün kəndirdartma oyunları festival iştirakçılarına bayram ovqatı, şən əhval-ruhiyyə bəxş edib.
Tədbirdə həmçinin uşaqların əl  işlərindən ibarət rəsm sərgisi təşkil olunub, əl işlərinin və suvenirlərin satış yarmarkası keçirilib.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri