94-cü "Oskar" mərasimində qaliblər elan edilib





94-cü "Oskar" mərasimində nominasialar üzrə qaliblər elan edilib.

Bu barədə live.az ABŞ-ın ABC telekanalına istinadən xəbər verir.  

ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.

Filmin rejissoru Reynaldo Markus Qrindir. Mükafat uğrunda həmçinin Xavyer Bardem, Benedikt Kamberbetç, Denzel Vaşinqton və Endryu Qarfild mübarizə aparıb.

Müsabiqədə eyni zamanda rejissor Şan Heyderin "Kar valideynlərin uşağı" filmi "ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.

Cessika Çesteyn isə “Temmi Feyin gözləri" filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə "Oskar" mükafatının sahibi olub.

Müsabiqə zamanı Qreq Freyzer “ən yaxşı operator işi” ("Dyuna"), “Enkanto” “ən yaxşı cizgi filmi” nominasiyası üzrə, “Şüşətəmizləyən” “ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” qazanıblar.

Ceyn Kempion "İtin gücü" filmindəki işinə görə "Ən yaxşı rejissor" nominasiyasında Oskar qazanıb.

Eyni zamanda ifaçı Billi Ayliş Ceyms Bondun son filmi "Ölmək zamanı deyil" ekran əsərindəki mahnısına görə "Oskar" alıb. Mükafatı Aylişlə birlikdə onun həmmüəllifi və böyük qardaşı Finneas O' Kennell alıb.


Təntənəli mərasim üç saata yaxın davam edib. Bu müddət ərzində 23 kateqoriyadan 15-də mükafatın qalibləri elan olunub. Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparıb: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Mənim avtomobilimi sür”.

Kennet Bran, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparıblar.

“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”), Cessika Çesteyn (Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizə aparıblar.

Xatırladaq ki, təşkilatçılar keçən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.

“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri