Berti Foqts: Mənim AFFA ilə müqaviləm bitir və hüququm var ki, başqa təkliflərə baxım

Berti Foqts: Mənim AFFA ilə müqaviləm bitir və hüququm var ki, başqa təkliflərə baxım Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Malta ilə oyun öncəsi mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, almaniyalı mütəxəssis matça hazırlıq barədə nəsə deməyə çətinlik çəkdiyini bildirərək, KİV nümayəndələrinin suallarını cavablandırıb.


- Futbolçuların durumu necədir?

- Hazırlıq haqda bir şey deyə bilmərəm. Çünki futbolçuları bu gün naharda görmüşəm.

- Pərdis Fərcad-Azad zədəli olduğu halda, milliyə niyə dəvət etmisiz?

- Onun zədəli olduğunu bilirəm. Hazırda Berlində olmağı haqda məlumatım var. Vurğun Hüseynovu da uzun fasilədən sonra çağırmışdım.

- Çempionat oyunlarına əsasən təəssüratlarınız necədir?

- Mən həmişə sürətli oyunun tərəfdarı olmuşam. Mən köməkçilərimdən müəyyən məlumatlar almışam. Onu deyə bilərəm ki, fiziki hazırlıq istənilən səviyyədə deyil. Bilmirəm, bu, havaların isti olmağı, yaxud orucluqla bağlıdır.

- Siz Almaniya mətbuatında məşqçilərlə görüşdən danışmısınız. Bu, hansı görüşdür?

- Siz bunu hardan bilirsiniz? Məgər almanca bilib, mətbuatını oxuyursunuz? Elə isə gəlin, almanca danışaq.

- Hər halda, Almaniya mətbuatını izləyirik...

- Mən nə dediyimi yaxşı bilirəm. Gəlin, oyun haqda danışaq.

- Çempionatın ilk oyunlarını ötən mövsümlə müqayisə edə bilərsiniz?

- Hələ bu haqda danışmaq tezdir. Köməkçilərim Lənkərandakı oyunu izləyib. Mən həftəsonu oyunlardan daha çox şey gözləyirəm. Futbolçu 6 həftə məşq etməyəndə, hazırlığı aşağı düşür.

- Mütəxəssislər Malta ilə oyunun lazımsız olduğunu deyir...

- Bunu hansı mütəxəssislər deyir: futbol, yoxsa güləş?

- Futbol...

- Məgər İspaniya, İtaliya, İngiltərə kimi güclü yığmalar niyə həmin günü oynayır? Bu, beynəlxalq yoldaşlıq görüşüdür. İsraillə oyun öncəsi yoldaşlıq görüşü oynamalı idik. Malta bir sıra rəqiblərə qalib gəlib. Azərbaycan klubları da rəsmi oyun öncəsi yoxlama matçları oynayır.

- Avropa Liqasında "Ayntraxt"la çətin oyunları olduğunu nəzərə alıb, "Qarabağ"ın futbolçularını milliyə çağırmamaq mümkün deyildi?

- Beynəlxalq oyunlar futbolçular üçün vacibdir. "Qarabağ"ın futbolçuları sevinsin ki, belə matç öncəsi yığmaya çağırılıblar. Almaniya millisi avqustun 14-də Paraqvayla oynayır. Onda baş məşqçi Yoahim Löv "Bavariya"nın futbolçularını çağırmasın?

- "Qarabağ"ın əsas futbolçuları zədələnsə, onda "Ayntraxt"a qarşı kim oynayacaq?

- Onlar məşqdə də zədələnə bilərlər.

- Dekabrda AFFA ilə müqaviləniz bitir. Assosiasiya artıq yeni baş məşqçi axtarışındadır. Siz postunuzda qalmaq istəyərdiniz? İstəyirsinizsə, bizə Avropanın ortabab komandası olması üçün nə qədər vaxt lazımdır?

- Mənim AFFA ilə müqaviləm bitir. Hüququm var ki, başqa təkliflərə baxım. Eləcə də, AFFA-nın. Mən işə başlayanda, meydançalar yox idi. İndi isə vəziyyət tam fərqlidir.

- Azərbaycan klubundan təklif olsa, işləyirsiniz?

- Mənim müqaviləmdən daha vacib şeylər - qarşıda oyun var. Müqaviləm isə dekabra kimidir.

- Malta ilə oyunda əsas məqsədiniz nə olacaq? Bundan sonra İsraillə səfər matçında nəyə ümid edə bilərik?

- Mən futbolçuları, əsasən cinah oyunları iş başında görmək istərdim. Əsas da uzun fasilədən sonra milliyə qayıdan Ufuk Budakla Əfran İsmayılovu. İsraillə matça gəlincə, "Xəzər Lənkəran" bu yaxında İsrail komandası ilə oynamışdı. Hesab neçə olmuşdu?

- Səfərdə 0:2, evdə 0:8 hesabı ilə uduzub...

- Nəzərə alın ki, mən azərbaycanlı futbolçularla oynayacağam.
Şərhlər
İdman bölməsinin xəbərləri