Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib



Ötən 30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında imzalanan ümumilikdə 50 sənəd əməkdaşlıq sahələrinin mütəmadi genişlənməsinə imkan verib.

LIVE.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mediaya verilən məlumatda bildirilir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə bildirib.

Nazir Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində müsbət dinamikanı, iqtisadi münasibətlərin inkişafında Birgə Hökumətlərarası Komissiyanın xüsusi rolunu qeyd edib. 2005-2021-ci illərdə Bakı və Budapeştdə 10-dan çox biznes forum, işgüzar görüş və digər tədbirlərin, həmçinin bu ilin fevral ayında Bakıda Birgə Komissiyanın 8-ci iclası və Biznes Forumun keçirildiyini, 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açıldığını bildirib.

S.Babayev Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə macar şirkətlərinin də qoşulmaq istəyinin məmnunluq doğurğunu deyib. Macar biznes dairələrinin Ələt Azad İqtisadi Zonasında reallaşacaq layihələrdə iştirak etməkdə maraqlı ola biləcəyini qeyd edib. Bildirib ki, elm və təhsil sahəsində iki ölkənin əlaqələri də sürətlə inkişaf edir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan-Macarıstan əlaqələrinin iki ölkənin parlamentləri arasında da yüksək səviyyədə özünü göstərdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin həyata keçirildiyini, parlamentlərin komitələri arasında sıx əlaqələrin olduğunu qeyd edib.

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, hazırda strateji əməkdaşlıq səviyyəsində olan bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Tədbirin sonunda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyəti ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.











   
 

 
Şərhlər
Siyasət bölməsinin xəbərləri