Azərbaycanda 10 manatlıq pul nişanları yenilənib
- 22.04.2022, 12:27,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb
Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərini həyata keçirir. Bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları, cari ilin fevral ayından isə yenilənmiş 20 manatlıq pul nişanı tədavülə buraxılmışdır.
Proseslərin davamı olaraq, hazırda “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının 22 iyun 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edir.
Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunmuşdur.
Bildiririk ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunmuşdur.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılmışdır.
Bildiririk ki, yenilənmiş 10 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.