İlham Əliyev: “Sovet hakimiyyətinin Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməsi tarixi faktdır”



“Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır:

"1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra –1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və eyni zamanda, qədim Azərbaycan şəhərini – Şuşanı da onun tərkibinə salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin. Çünki Şuşa tək bir qala kimi qalmışdı və yaxşı bilirsiniz ki, Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı yerlərdən keçirdi, ərazilərdən keçirdi. Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi.

İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər".




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri