DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

 "Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır".

LIVE.az-ın xəbərinə görə, bunu report-a açıqlamasında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Qətərdəki Azərbaycan icmasının sədri Eldəgiz Rəfibəyli bildirib.

Onun sözlərinə görə, yarışın təşkilinda çalışan həmin şəxslər "Formula 1" üzrə Azərbaycan Qran-prisində və Bakıda keçirilmiş I Avropa Oyunlarında təcrübə qazanmış gənclərdir: "Onları təcrübəli olduqları üçün Azərbaycandan Qətərə aparıblar".

Sədr Qətərin inkişaf dövrünü yaşadığını söyləyib: "Ölkənin hazırda ən vacib tədbiri builki dünya çempionatıdır. Bununla bağlı infrastruktur və digər sahələrdə mühüm işlər görülür. Bu, onların ilk böyük tədbiridir. Bu vaxtadək Asiya Kuboku və Ərəb Ölkələri Kubokuna ev sahibliyi ediblər. Bunlar müvəffəqiyyətli təşkil olunub. Dünya çempionatı daha geniş miqyasda gerçəkləşəcək ilk tədbirdir. Biz də bunu səbirsizliklə gözləyirik".

Rəfibəyli Qətərə gedən azərbaycanlıların peşəkarlar olduğunu sözlərinə əlavə edib: "2015-ci ilədək Azərbaycandan Qətərə yalnız neft-qaz sənayesi sahəsində çalışanlar gedib. Azərbaycanlılar həm şəxsiyyət, həm də peşəkar kimi Qətərdə öz sözlərini deyiblər. Ölkəmizin adı yüksək səviyyədə saxlanılıb. Bizim icmamızın yaradılmasında məqsəd soydaşlarımızın bir yerə gətirilməsi və bir-birilərinə dəstək olmasıdır. Biz bir ailə kimiyik. Kədərli, xoş işlərdə birlikdəyik və çox səmimi icmamız var".

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri