Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin Hava Limanının açılışında iştirak ediblər



Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.

Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəliblər.

Əvvəlcə Azərbaycan Prezidenti çıxış edib:

- Əziz və dəyərli qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.

Əziz qardaşlarım, əziz dostlar.

Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.

İlk növbədə, əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!

Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.

Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə - hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri