Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu-2022” keçirilib.
LIVE.az xəbər verir ki, marafon iştirakçıları arasında qaliblər məlum olub.
Marafonun ümumi kişi iştirakçılar arasında qalibi rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 03 dəqiqə 11 saniyəyə qət edib.
Qadın iştirakçılar arasında qalibi isə ukraynalı 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.
Fiziki məhdudiyyətli şəxslər arasında yarışın qalibi isə 51 yaşlı Mehman Ramazanzadədir. O qələbəni 57 dəqiqəyə qazanıb.
Qeyd edək ki, “Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib.
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.
Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək. Belə ki, yarışa Dövlət Bayrağı Meydanından başlayacaq iştirakçılar Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) yürüşü Dövlət Bayrağı Meydanında başa çatdıracaqlar.
Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.