Almaniya kəşfiyyatı rusiyalılara xəbərdarlıq edib




“Moskvanın Qərb texnologiyasından artan təcridinə görə Rusiya kəşfiyyat orqanlarının Almaniyada yaşayan rusiyalılara alman texnologiyasına çıxış əldə etmək üçün təzyiqləri artırması riski var”.

Bunu Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi açıqlayıb.

Qurum xəbərdarlıq edib ki, Rusiya vətəndaşlığı olan sənaye və elmi işçilər xüsusi maraq doğurur:

“Rusiya xüsusi xidmət orqanları rusiyalılarla, ilk növbədə, onların əlaqə saxlamağa məcbur olduqları Almaniyadakı diplomatik nümayəndəliklər vasitəsilə və ya Rusiyaya səfər edərkən təmasa girmək imkanına malikdir”.

Federal İdarə Rusiyada qalan qohum və ya tanışlara təzyiqləri də istisna etməyib: “Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanları lazım gələrsə, hədə-qorxu və şantaj kimi üsullardan çəkinmir”.

Qeyd olunub ki, bir başqa təhlükə də Rusiya qaynaqlı kiberhücumlardır. İdarənin məlumatına görə, müharibə başlayandan sonra Almaniya resurslarına DDoS hücumları ilə məşğul olan “KILLNET” qrupu fəallaşıb.

Fəaliyyətini bərpa edən digər qruplaşma isə “REvil”dir. Qurum yeni zərərli proqramların, o cümlədən Amerikanın İT-servis provayderi “Kaseya”nın strukturlarına hücum edən və dünya üzrə 1 500-dən çox şirkətə təsir edən şantajçı proqramların (“ransomware”) meydana gəlməsini onlarla əlaqələndirib.

Qeyd edək ki, Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarə ölkədə Daxili İşlər Nazirliyinə tabe olan daxili kəşfiyyat orqanıdır. Qurum 1950-ci ildə yaradılıb. Əsas vəzifəsi Almaniyanın azad və demokratik nizamını təhdid edən təşkilatları müşahidə etmək və əks-kəşfiyyat fəaliyyətidir. Parlamentin Nəzarət Komitəsi onun fəaliyyətinə nəzarət edir.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri