Tbilisidə Azərbaycanın üç şəhərinin mədəniyyətinin inkişafı üzrə strategiyalar təqdim olunub


Tbilisidə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “EU4Culture” layihəsi çərçivəsində ilk regional şəbəkələşmə konfransı keçirilir.

Tədbirdə adıçəkilən layihənin qrant müsabiqəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan seçilmiş qeyri-paytaxt şəhərlərinin nümayəndələri iştirak edirlər.

Azərbaycanı ikigünlük regional konfransda 15 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir. Heyətə layihə üzrə seçilmiş Xırdalan, Şəki, Lənkəran şəhərlərinin icra hakimiyyəti, bələdiyyə və regional mədəniyyət idarələrinin nümayəndələri daxildir.

Layihənin Azərbaycan üzrə koordinatoru Firuzə Bağır “Report”a açıqlamasında deyib ki, konfransın əsas məqsədi iştirakçı ölkələrin və seçilmiş şəhərlərin nümayəndələrini bir araya gətirərək onların şəbəkələşməsini təmin etməkdir: “Layihə çərçivəsində hər bir şəhər öz mədəni inkişaf strategiyasını hazırlayıb. Konfrans zamanı layihə iştirakçılarının bir-biri ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaq imkanı olacaq”.

Koordinator qeyd edib ki, Azərbaycanın üç şəhərinin hər birinə 30 min avro məbləğində qrant ayrılıb: “Bu ayın axırında müsabiqənin sonuncu mərhələsi başa çatacaq. Azərbaycan və “Şərq tərəfdaşlığı” proqramının digər ölkələrinin şəhərlərindən biri gələcəkdə 300 min avro qrant almaq imkanı əldə edəcək. Qalib şəhər 2024-cü ilin dekabrın sonuna qədər mədəni inkişaf strategiyasını həyata keçirəcək”.

Konfransda “EU4Culture” layihəsi üzrə seçilmiş şəhərlər haqqında video çarxlar və təqdimatlar nümayiş etdirilib. F.Bağır Xırdalan, Şəki, Lənkəranın mədəniyyətlərinin inkişafı üzrə strategiyalar haqqında konfrans iştirakçılarına ətraflı məlumat təqdim edib.

Regional tədbir sabah seminarlarla işini davam etdirəcək.




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri