Avropa Yayım Birliyi "Avroviziya"da Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb
- 20.05.2022, 13:44,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Yayım Birliyi (EBU) “Avroviziya 2022”nin səsvermənin nəticələri barədə bəyanat yayıb.
LIVE.az xəbər verir ki, bəyanatda deyilir ki, ikinci yarımfinalda iştirak edən altı ölkənin - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marino - münsiflər heyətinin səsverməsində nizamsız səsvermə üsulları aşkar edib.
Qeyd olunub ki, həm hər bir ölkənin milli münsiflər heyətinin, həm də telefon və ya SMS vasitəsilə səs verən tamaşaçıların səsverməsinin düzgünlüyü müsabiqənin uğuru üçün vacibdir: “Canlı bağlantıların hər birinin sonunda etibarlı nəticə təqdim etməyimizi təmin etmək EBU-nun bütün maraqlı tərəflər, 40 ictimai xidmət yayımçısı qarşısında borcudur. Qaydalarda hər hansı pozuntu çox ciddi qəbul edilir.
İkinci yarımfinalda altı münsifdən dördünün digər iştirakçı ölkələrin beşini ilk beşliyə yerləşdirdiyi müşahidə edildi (özlərinə səs verə bilməyəcəklərini nəzərə alaraq). Bir münsiflər heyəti top 6-da eyni beş ölkəyə səs verdi və altı münsifdən sonuncusu digərlərindən dördünü ilk 4-lüyə, beşincisini isə ən yaxşı 7-liyə yerləşdirdi. Altı ölkədən dördü ən azı 12 xal aldı ki, bu da verilə biləcək maksimum xaldır.
Sözügedən model Ümumavropa Səsvermə Tərəfdaşı tərəfindən qeyri-düzgün hal olaraq qəbul edildi və Müstəqil Səsvermə Monitorinqi tərəfindən təsdiqləndi, çünki bu altı ölkədən beşi eyni yarımfinalda səs verən digər 15 ölkənin münsiflər heyəti tərəfindən top 7-dən kənarda yer aldı.
Bundan əlavə, altı ölkədən dördü bu yarımfinalda səs verən digər 15 ölkənin altılığında qərarlaşıb. Belə bir miqyasda münsiflər heyətinin səsvermə qaydasının pozulması indiyədək qeydə alınmamış haldır”.
Vurğulanıb ki, “Avroviziya” mahnı müsabiqəsinin qaydalarında və müsabiqənin rəsmi səsvermə təlimatlarında qeyd olunduğu kimi, Milli Münsiflər Heyətinin səsləri qeyri-qanuni hal aşkarlanarsa (Ümumavropa Səsvermə Tərəfdaşının aşkar etdiyi və Müstəqil Səsvermə Monitorinqi tərəfinin təsdiqlədiyi kimi), səslərin silinməsi və bu ölkələrin ikinci yarımfinalda yekun ölkə nəticəsini müəyyən etmək üçün avtomatik hesablanmış əvəzedici ümumiləşdirilmiş nəticə ilə əvəz olunması mümkündür: “İkinci yarımfinalda aşkar edilmiş halın xarakterini nəzərə alaraq, EBU Ümumavropa Səsvermə Tərəfdaşı və Müstəqil Səsvermə Monitorinqi ilə məsləhətləşərək, Müsabiqənin Səsvermə Təlimatlarına uyğun olaraq, səsləri ləğv etmək hüququndan istifadə etmək qərarına gəlib. Böyük finalda iştirak edən altı ölkənin münsiflər heyətinin yekun nəticələrini müəyyən etmək üçün avtomatik hesablanmış əvəzedici ümumi nəticədən istifadə edilib.
Bu qərarlar Müsabiqənin Səsvermə Təlimatının tələblərinə uyğun olaraq təsdiq edilib”.
EBU bu halı həmçinin müvafiq yayımçılarla müzakirə etdiyini bildirib: “EBU bu altı ölkə üzrə münsiflər heyətinin səslərini həm ikinci yarımfinalda, həm də böyük finalda əvəzedici ümumi nəticə ilə əvəz etmək qərarını bir daha təsdiqləyir. EBU həmçinin “Avroviziya 2022” mahnı müsabiqəsində 40 iştirakçının yekun reytinqini təsdiqləyir”.