Yer kürəsinin 2/3 hissəsi sudan ibarət olsa da, dünyanın ən böyük problemlərindən biri su çatışmazlığıdır. Çünki planetimizdə su ehtiyatları qeyri-bərabər paylanıb. İqlim dəyişmələri, çirklənmə, getdikcə artan su israfçılığı bu qiymətli neməti əlimizdən damla-damla alır. Şirin su problemi zaman keçdikcə daha da kəskinləşir. Bu gün dünyada təmiz su həsrətilə yaşayan, susuzluqldan əziyyət çəkən, çirkli suyun fəsadlarından xəstələnən və həyatını itirən yüz milyonlarla insan var. Amma bundan xəbərsiz olan, suyun əsl qiymətini bilməyən, suyu qorumağın nə qədər önəmli olduğunu başa düşməyənlər də az deyil. Yer kürəsindəki su ehtiyatlarının 3 %-i içməyə yararlıdır. İçməyə yararlı suların isə cəmi 0,3 %-i insanlar üçün əlçatandır. Hazırda dünyanın 43 ölkəsinin sakinləri bu və ya digər formada içməli su çatışmazlığından ciddi əziyyət çəkir.
Azərbaycan su stresi yaşaya bilər
Azərbaycan da şirin su ehtiyatları məhdud ölkələrdəndir və bu baxımdan Cənubi Qafqazın ən kasıb ölkəsi sayılan Azərbaycanın şirin su ehtiyatlarının 67 %-i ölkə hüdudlarından kənarda formalaşır. Qonşu ölkələrin transsərhəd çaylarından daha çox su götürməsi, eləcə də su mənbələrinin çirklənməsi hər birimizin həyatına təsir edir. Son illər Kür, Araz, Samur, Qanıx çaylarının su səviyyəsində ciddi azalmalar müşahidə olunur. Necə deyərlər, artıq təbiət öz işini görüb. Bizim iradəmizdən asılı olmayaraq su ehtiyatları azalır. Eyni zamanda əhali artımı, kənd təsərrüfatı və sənayenin inkişafı suya tələbatı çoxaldır. BMT-nin qiymətləndirmələrinə görə yaxın gələcəkdə Azərbaycan su stresi yaşayan ölkələr sırasında yer alacaq.
Nə etməliyik?
Yeganə çıxış yolu sudan qənaətlə istifadə etmək və israfçılığın qarşısını almaqdır. Bunun üçün suvarmada səmərəli üsullardan istifadə qaçılmazdır. Yaşıllıqların açıq, nəzarətsiz və selləmə qaydasında sulanması ciddi itkilərə səbəb olur. Buna görə də damcı və çiləmə üsullarından istifadə edilməlidir. Bu üsul su israfını 60 %-ə qədər azaldır, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını alır.
Məişətdə sudan qaənaətlə istifadə etməliyik. Dişləri fırçalayarkən və təraş olunarkən kranı açıq saxlamamalı, meyvə və tərəvəzləri su şırnağı ilə deyil, qablarda yumalı, ərzağın donunu su şırnağı ilə deyil, qaba doldurulmuş su ilə açmalı, paltaryuyan və qabyuyan maşınlardan istifadə etməli, zərurət olmadıqda vannadan deyil, duşdan istifadə etməliyik. Bu sadə qaydalara əməl edən hər kəs az da olsa, su çatışmazlığına qarşı mübarizə aparmış olur.