Britaniyalı nazir: "SGC-nin genişləndirilməsi Avropada qaz təchizatının şaxələndirilməsinə dəstək göstərəcək"



Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi Avropada qaz təchizatının şaxələndirilməsinə, diversifikasiyasına dəstək göstərəcək.

Bunu Bakı Enerji Həftəsinin Rəsmi Açılış Mərasimində iştirakçılara ünvanlanmış videomüraciətində Böyük Britaniyanın Biznes, Enerji və Təmiz İnkişaf üzrə dövlət naziri Qreq Hands bildirib.

Q.Hands bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini vurğulayıb:

“Biz indi həmişəkindən daha önəmli şəkildə birlikdə çalışmalıyıq. Düşünürəm ki, təmiz enerjinin də istehsal olunması və karbon emissiyalarının sıfıra endirilməsi sahəsində işimizi gücləndirməliyik. Cənub Qaz Dəhlizi Azərbaycandan başlayaraq bu baxımdan mühüm nəaliyətlər verməkdədir. Bu gün Azərbaycan Gürcüstan, Türkiyə və Avropada mövcud olan tərəfdaşlar üçün təbii qazın etibarlı, stabil təchizatçısı kimi çıxış edir".

Nazir qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın təmiz enerjiyə keçidilə bağlı öhdəliyini yüksək qiymətləndirir:

“Sıfır emissiyanın üstünlükləri ümumi enerji təhlükəsizliyində özünü göstərir. Sıfır emissiya eyni zamanda ölkənin inkişaf etməsi, çiçəklənməsi deməkdir. Neft və qazın qiymətinin artması təmiz enerjiyə investisiya yatırılmasını daha da zəruri edir. Azərbaycan son otuz il ərzində yaxın tərəfdaş kimi çıxış edib və 2050-ci ilə kimi sıfır emissiyaya nail olmaq barədə ambisiyalı planlar qəbul edir. Azərbaycan kimi ölkələr sıfır emissiya baxımından aparıcı rol oynaya bilər”.

“Temperaturla bağlı, yəni qlobal orta temperaturun 1,5 C dərəcəyədək artması hədəfilə bağlı vaxtımız azdır. Ötən il Qlazqo İqlim Paktı imzalanıb. Biz bu sahədə işimizi davam etdirməliyik və bütün bunları reallığa keçirmək üçün üzərimizə öhdəlik götürməliyik. Birləşmiş Krallıq hökuməti bütün tərəfdaşlarla işləməyə hazırdır və bu məqsədlə qlobal təmiz enerjiyə keçidi gücləndirməklə bağlı öz üzərinə öhdəlik götürür. Düşünürəm ki, bütün bunlar enerji ilə bağlı təhlükəsizliyi təmin edəcək”, - Q.Hands əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri