2 iyun 2022-ci il tarixində “Şuşa ili” çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin konserti baş tutub.
“Xarıbülbül” adlı konsert Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında keçirilib.
Tamaşaçılar qarşısında IV “Muğam” televiziya müsabiqəsinin qalibi Zümrüd Məmmədova Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Süleyman Ələsgərov, Cahangir Cahangirov və digər görkəmli bəstəkarlarımızın mahnılarını ifa edib. Gənc xanəndəni pianoda Əməkdar artist Nərgiz Əliyeva, tarda Səfər Səmədov, kamançada isə Elmar Ələkbərli müşayiət ediblər.
Konsertə Qarabağ şikəstəsi ilə yekun vurulub. Sonda ifaçılara Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəkkürnamələri təqdim olunub.
Konsertdən öncə “Gənclərə dəstək” layihəsinin koordinatoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə çıxış edərək layihənin məqsədi, ötən müddətdə həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, layihə çərçivəsində təqdim olunan proqramlar klassik musiqidən muğam, caz, xor və estradayadək müxtəlif zövqlərə malik çox geniş auditoriyaya ünvanlanıb.
Konsert proqramını Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Yunus Əmrə İnstitutu, TİKA təşkilatının nümayəndələri, azərbaycanlı icmanın üzvləri, iş adamları, ziyalılar, gənclər izləyiblər.
Seyrçilər mahnıları rəğbət və alqışlarla qarşılayıblar. Azərbaycan mahnılarından ibarət musiqi axşamı tamaşaçılara xoş ovqat bəxş edib.
Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2016-cı ildə ilə "Gənclərə dəstək" layihəsi həyata keçirilir. Ötən müddətdə gənc musiqiçilərə sənət yolunda dəstək olan layihə üzrə çoxsaylı konsertlər təşkil edilib.