Azərbaycanın nümayəndəsi BMT Baş katibinə ermənilərin cinayətlərini ifşa edən məktub göndərib
- 12.06.2022, 00:00,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin tarixi, mədəni və dini irsi dağıdılıb, təhqir edilib, zədələnib, məhv edilib. Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub.
Bu barədə Azərbaycan BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubunda qeyd edilir.
Bildirilir ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün respublikamızın ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasın (1972) prinsiplərinə ziddir.
Məktubda Azərbaycanın mədəniyyət abidələrinin, tarixi və dini obyektlərinin erməni işğalçıları tərəfindən məhv və qarət edilməsi istiqamətində sistemli addımlar atdığı barədə faktlar təqdim olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarındakı mədəni irsi təxribat yolu ilə istismar etməklə yanaşı, onilliklər boyu davam edən anti-azərbaycan nifrətini asanlıqla ifşa edən çoxsaylı faktlara susur.
Rəsmi sənəddə Azərbaycandan fərqli olaraq Ermənistanın monoetnik dövlət olduğu, bir çox digər xalqların nümayəndələri ilə yanaşı yüz minlərlə azərbaycanlını da Ermənistandan zorla çıxardığı və uzun illər ərzində ölkəmizə aid mədəni, dini abidələri “yenidən quraraq” onların unikallığını dəyişdirdiyi vurğulanıb:
“Ermənistan eyni siyasəti Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə də tətbiq edib. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin əlinə keçmiş Azərbaycanın əksər şəhər, qəsəbə və kəndləri 700 mindən çox azərbaycanlı sakinlərindən etnik təmizlənməyə məruz qalıb və sonradan yerlə-yeksan edilib.
Minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilərək dağıdılıb. Bundan başqa, Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.
Azərbaycanın dini obyektləri tövlə kimi istifadə edilərək onların dini simvolizmi təhrif olunub ki, bu da azərbaycanlılara qarşı xüsusi təhqir kimi nəzərdə tutulmuş güclü və simvolik anti-müsəlman davranışıdır. 67 məscid və İslam dini ziyarətgahlarından 65-i dağıdılıb, 2-si isə əhəmiyyətli dərəcədə zədələnib. Ermənistanın bu fonda əksər müsəlman ölkələri ilə “səmimi münasibətləri və konstruktiv əməkdaşlığı” barədə iddialar səsləndirməsi vicdansızlığın zirvəsidir. Bundan başqa, əvvəllər işğal olunmuş ərazilərdə 900 qəbiristanlıq vandalizmə məruz qalıb və dağıdılıb. Azərbaycan həmin ərazilərdə aparılan qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş milyonlarla kitabın və nadir əlyazmaların məhv edilməsini, minlərlə tarixi əhəmiyyətli muzey eksponatının, eləcə də qiymətli əşyaların oğurlanmasını sənədləşdirib. Bu dağıntı Azərbaycanın mədəni irsinə bərpa olunmaz itki verib”.
Daimi nümayəndə əlavə edib ki, qeyd olunan cinayətlər beynəlxalq səviyyədə də tənqid edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin şurasının 22-23 mart 2022-ci il tarixlərində keçirilən 48-ci sessiyasında Pakistan İslam Respublikası baş vermiş böyük miqyaslı vandalizm aktlarını, o cümlədən Azərbaycanın mədəni və dini abidələrin təhqirə məruz qalmasını kəskin şəkildə tənqid edib və Ermənistanın öhdəliklərini pozduğuna görə məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycanın cəhdlərini dəstəkləyib. Bu fonda, şuranın qəbul etdiyi “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının dini, mədəni, tarixi abidələrinin dağıdılması və təhqirə məruz qalması” adlı qətnamədə Ermənistan islam tarixinin və mədəni irsin məhv edilməsi məqsədilə ölkəmizin ərazisində törətdiyi barbarlığa görə şiddətlə qınanılıb. Bununla yanaşı, üzvlər işğaldan azad edilmiş ərazilərdə yerləşən məscidlərin tövlə kimi istifadə edilməklə Ermənistan tərəfindən törədilən alçaltma və təhqiri kəskin qınadıqlarını ifadə edib və Azərbaycanın mədəni və dini irsini özününkü kimi təqdim etmək cəhdlərini dərhal dayandırmağı Ermənistandan tələb edib.
Bundan başqa, ermənilərin “milli qəhrəman” adlandırdıqları müharibə cinayətkarlarına Azərbaycan ərazilərində heykəllər qoyaraq onları mədəni irs nümunəsi kimi təqdim etmək cəhdləri ifşa edilib və bu barədə beynəlxalq hüquqa əsaslanan arqumentlər gətirərək Ermənistanın əsassız iddiaları rədd olunub.
Məktubda müharibədən dərhal sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidən qurma və bərpa işlərinə başladığı, o cümlədən heç bir yarı seçkilik tətbiq edilmədən bütün növ mədəni və dini abidələrin təmir edildiyi qeyd olunur. Bununla yanaşı, 30 il ərzində Azərbaycana dəymiş ziyana şahidlik etmələri, bunu sənədləşdirmələri və bərpa işləri ilə tanış olmaları üçün yerli hökumətin dəvəti ilə bir çox beynəlxalq təşkilatların nümayəndələrinin və müstəqil ekspertlərin ərazilərə dəvət edildiyi Baş katibin diqqətinə çatdırılır.
Məktubda indi Ermənistanın dayanmadan UNESCO-nun maneəsiz olaraq işğaldan azad edilmiş ərazilərə nümayəndə heyəti göndərməsi ilə bağlı əsassız iddialarına da tutarlı cavab verilib. Belə ki, torpaqların Ermənistanın işğalı altında olduğu müddətdə UNESCO-nun dəfələrlə həmin ərazilərə getmək cəhdlərinin qarşısı Ermənistan tərəfindən alınıb. Bu fonda, UNESCO 1995-2004-cü illər ərzində “Silahlı münaqişə zamanı mədəni irsin qorunması haqqında” Konvensiyasının və özünün 1954 və 1999 Protokollarının icrası ilə bağlı verdiyi hesabatlarda, erməni hərbi birləşmələri tərəfindən işgal edildikdən sonra BMT-nin digər durumları kimi UNESCO-nun da həmin ərazilərə missiya göndərərək mədəni irs abidələrinin vəziyyətini təsdiqləmək cəhdlərinin qarşısının alındığını qeyd edib.
Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərlə bağlı 7 dekabr 2021-ci il tarixli qərarına istinad edilərək məhkəmənin Azərbaycanın Ermənistana qarşı iddiasını da təmin etdiyi və bununla əlaqədar iki qərar verdiyi məktubda vurgulanır. Bununla yanaşı, Ermənistan tərəfinin “mirasın dəyişdirilməsi” ilə bağlı iddialarının da həmin məhkəmə tərəfindən rədd edildiyi məktubda öz əksini tapıb.
Bundan başqa, hətta Avropa Parlamentinin 2022-ci ilin mart tarixində erməni diasporunun təsiri altında qəbul etdiyi qəbul etdiyi qətnamənin mətnində də Azərbaycanın mədəni və dini abidələrinə qarşı törədilmiş vəhşiliklərin qeyd edildiyi məktubda xüsusi qeyd edilib. Bu xüsusda, Ağdam və Füzuli şəhərlərinin demək olar ki tamamilə məhv edildiyi qətnamədə əks edilib.
Sonda Y.Əliyev Ermənistana reallığı təhrif etmək və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməkdənsə, nifrət təbliğatını dayandırmağı və özlərinin məsuliyyət daşıdığı cinayətlərə görə günahkarları mühakimə etməyi və cəzalandırmağı tövsiyə edib. Bu xüsusda, Ermənistanın dövlətlərarası münasibətlərin normallaşmasına çalışması, beynəlxalq öhdəliklərin əsasında regionda sülh və sabitliyin qurulmasına, saxlanılmasına yönəlmiş cəhdləri dəstəkləməsi tövsiyə olunub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən vandalizmə və təhqirə məruz almış, dağıdılmış Azərbaycanın mədəni, tarixi və dini abidələrinin fotoşəkilləri məktuba əlavə olunub.
Məktub (https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N22/366/15/pdf/N2236615.pdf?OpenElement) BMT Baş Assambleyasının gündəliyinin 10, 16, 35, 66, 72, 74, 85 və 134-cü bəndləri altında və Təhlükəsizlik Şurasının sənədi kimi üzv dövlətlər arasında yayılıb.
Report