12 iyun gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü idi.
Bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirdi.
Teatrın kollektivi öncə mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar.
Ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident Mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Dünən saat 19:00-da isə Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva) tamaşası nümayiş olunub.
Xatırladaq ki, bu tamaşa illər öncə H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanmışdı. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə bir hədiyyə kimi təqdim edilir.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşa səhnəyə qoyulduğu gündən böyük maraqla qarşılanır və dünən artıq 81-ci dəfə nümayiş oolunurdu.
Tamaşadan əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığından danışıb.
Qeyd edək ki, tamaşadan öncə foyedə aktyorun “O olmasın, bu olsun” musiqili komediyasında oynadığı Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında isə Sonqulu (2004) obrazlarının səhnə geyimləri də nümayiş olunub.