Çinin əsas sənaye mərkəzindən Avropaya "Orta Dəhliz"lə ilk blok qatar Bakı Limanından yola salınıb



Çinin Çendu şəhərindən "Orta Dəhliz" vasitəsi ilə Avropaya göndərilən ilk blok qatar Bakı Limanından yola salınıb.

LIVE.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

O, bildirib ki, Çinin əsas sənaye mərkəzlərindən olan Çendu şəhərindən "Orta Dəhliz"dən keçməklə Avropaya göndərilən ilk blok qatar ötən gecə Bakı Limanına çatıb:

"İki dəniz aşaraq Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir. Qazaxıstanın Aktau limanından Bakıya operatoru “ADY Konteyner” MMC olan “Beket Ata” gəmisi ilə gətirilən konteynerlərin, Bakı Limanının peşəkar komandası tərəfindən operativ şəkildə gəmidən boşaldılaraq platformalara yüklənməsi əməliyyatı icra edilib. Son təyinat nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq konteynerlər, platforma üzərində Gürcüstanın Batumi limanına yola salınıb. Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla Avropanın müxtəlif şəhərlərinə göndəriləcək".

E.Həbiblinin sözləörinə görə, layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-in təşkilatçılığı çərçivəsində, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə əməkdaşlıq nəticəsində icra edilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri