Bakıda İtaliya Respublikasının 76 illiyi qeyd edilib

 


İtaliya Respublikasının qurulmasının 76-cı ildönümü münasibətilə iyunun 20-də Azərbaycan Dövlət Filarmoniyasınin yay zalında tədbir  keçirilib.
İyunun 2-də İtaliya Respublikasının milli bayramı – Respublika Günü qeyd edilir. Qeyd edək ki, İtaliya İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə xalq səsverməsi ilə monarxiyadan respublika idarəetmə sisteminə keçib. O vaxtdan bəri ölkə ikipalatalı (Senat və Nümayəndələr Palatası) qanunvericilik sistemi ilə idarə edilir. Ötən 76 ildə İtaliyada 13 prezident seçilib, 66 hökumət fəaliyyət göstərib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri tədbirdə çıxış edərək bu tarixin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə eyni vaxta düşdüyünü qeyd edib: “Artıq 30 ildir ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir. Bu gün bu əlaqələr xüsusi səviyyəyə çatıb”.

Klaudio Taffuri İtaliyanın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında strateji sazişin imzalanmasının humanitar sahədə əlaqələrin daha da inkişafına zəmin yaratdığını xatırladaraq bildirib: “Koronavirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya dəstəyini də vurğulamaq lazımdır. Bu, ilk növbədə, ölkələrimiz arasında dostluğun və sıx əlaqələrin göstəricisidir”.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev ölkələrimiz arasında əlaqələrimizin böyük tarixə malik olduğunu vurğulayaraq deyib: “Təəccüblü deyil ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olub, Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açıb. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsidir. İtaliya Prezidentinin 2018-ci ilin iyulunda Azərbaycana rəsmi, Azərbaycan Prezidentinin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasını səciyyələndirdi. Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir".
Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının əraziləri 30 ilə yaxın müddətdə işğal altında qalmış, bir milyondan çox qaçqın və məcburi köçkün doğma torpaqlarından didərgin düşmüşdü. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Təəccüblü deyil ki, azad olunmuş ərazilərin bərpasına dəvət olunanlar arasında dost ölkə İtaliyanın şirkətləri də ön sıralardadır.

E.Əmrullayev bildirib ki, təhsil sahəsində əməkdaşlıq dinamik inkişaf edən istiqamət olaraq insanlararası ünsiyyətin dərinləşməsinə mühüm töhfə verir. İtaliya Azərbaycan tələbələrinin təhsil almaq üçün ən çox üz tutduğu ölkələrdən biridir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 48 nəfər Azərbaycan vətəndaşı İtaliyanın aparıcı ali təhsil müəssisələrində təhsil alıb. “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”na İtaliyanın 14 universiteti daxil edilib.

İtalyan dili ümumi və ali təhsil müəssisələrində tədris olunur və bu sahəyə maraq göstərən Azərbaycan vətəndaşlarının sayı artmaqda davam edir. 2009-cu ildən Azərbaycan Dillər Universitetində İtalyan dili mərkəzi fəaliyyət göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan-İtaliya Universitetinin bu il aprelin 2-də təməlqoyma mərasimi keçirilib. Ortaq universitetin yaradılmasına İtaliyanın 5 aparıcı ali təhsil müəssisəsi cəlb olunub.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Qonaqlara italyan mətbəxin gözəl təamları təqdim olunub. Tədbirdə azərbaycan milli rəqsləri və İtalian fashion show nümayiş olunub. D.j music gecəyə hüsusi rəng qatıb.








     
Şərhlər
Siyasət bölməsinin xəbərləri