Akademik Musiqili Teatrda ecazkar caz-tamaşanın premyerası oldu



Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club" caz-tamaşasının premyerası uğurla təqdim olunub.
 
Bir sıra rəsmi qonaqların, ölkənin tanınmış teatr xadimlərinin, incəsənət adamlarının qatıldığı premyera anşlaqla keçib.
 
Fərqli üslubu və maraqlı səhnə tərtibatı ilə seçilən 4D formatlı tamaşa Azərbaycan teatr məkanında bir ilkdir.

Teatrın rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova, layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
 
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimova və səhnə əsərinin digər iştirakçıları olan Əməkdar artistlər Fərid Əliyev, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov onlara həvalə edilən rolların öhdəsindən böyük məharətlə gəliblər.
 
Tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr, eyni zamanda teatrın balet artistlərinin iştirakı ilə müxtəlif və rəngarəng müasir rəqslər təqdim olunub.

  Səhnəni daha yaxın məsafədən izləyən və hətta özlərini "Lara Martin's Jazz Club" tamaşasının iştirakçısı kimi hiss edən cazsevərlər aktyorların peşəkar ifasını böyük coşqu və sürəkli alqışlarla qarşılayıb, xoş təəssuratlarını bildiriblər.  

Qeyd edək ki, caz həvəskarlarının xahişi ilə bu tamaşa iyul ayının 3-ü və 15-də yenə də nümayiş olunacaq.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə etmək olar. Yerlər məhduddur.




Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri