Baş katib: "NATO ölkələri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək"




“NATO-ya üzv ölkələr Madrid sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək”.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

“Madrid sammiti NATO üçün həlledicidir. Bu, bir çox səbəblərə görə tarixi sammit olacaq. İlk növbədə ona görə ki, 30 müttəfiq ölkə Avropada İkinci Dünya müharibəsinin bitməsindən sonra ən ciddi təhlükəsizlik böhranını müzakirə etmək üçün toplaşacaq və bu məsələ ətrafında birləşəcək”, - o bildirib.

Baş katibin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək: “İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq. Biz, həmçinin İspaniya və digər cənub müttəfiqləri üçün xüsusilə vacib olan cənub cinahı ilə bağlı mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə, diqqət mərkəzində Rusiya və Ukraynadır. Amma Şimali Afrikada və Sahel bölgəsində terrorizm və ya qeyri-sabitlik də daxil olmaqla digər təhlükələri unutmamalıyıq. Buna görə də biz cənub ölkələri ilə əməkdaşlıq səylərimizi gücləndirəcək və terrorizmlə mübarizə, sərhəd nəzarəti və müdafiə və təhlükəsizliyini gücləndirmək üçün Mavritaniyaya yeni dəstək paketi ilə bağlı razılaşacağıq”.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə baş tutacaq. Sammit iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri