Bakıda Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar beynəlxalq konfrans keçirilir


İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Bakıda Fairmont otelində  hibrid formatda beynəlxalq konfrans keçirilir.

LIVE.az xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzfəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və digər rəsmilər iştirak edir.

 Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoformatda konfrans iştirakçılarına müraciət edib.

 Çıxışda Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib.

 Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

 Xəzər dənizinin problemləri ilə bərabər mütıxəssislər tərəfindən iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun cari ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-cı sessiyasında təqdim olunan qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.

Akademik Fəxrəddin Qədirov bildirib ki, geoloji inkişaf dövrü ərzində Xəzər regionu dəfələrlə litosfer plitələrinin qarşılıqlı təsiri ilə aktiv geodinamik proseslərin təsirinə məruz qalıb. Bu günə kimi aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Həmin tədqiqatlar 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 metr enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 santimetr enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir.

Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır.

Diqqətə çatdırılıb ki, Xəzərin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər arasında əsasən bunlar göstərilir: iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansın komponentləri, iqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər, tektonik amillər, antropogen amillər. Antropogen faktorlar iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur.

Xəzər dənizinə yeraltı suların axmasına dair aparılan hesablamalar bu prosesin dəniz səviyyəsindəki tərəddüdlərə ciddi təsiri olmadığını göstərir.

Xəzər regionu ölkələri arasında elmi informasiya və nəşrlərin mübadiləsinin, eləcə də birgə elmi konfransların keçirilməsinin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun olar. Konsorsium çərçivəsində yeni məlumatların operativ müzakirəsi və birgə təhlili mexanizminə də ehtiyac var. Bu proqramın həyata keçirilməsi dəniz səviyyəsi tərəddüdlərinin Xəzər regionunda yaratdığı təbii təhlükələrin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyar.

İlk addım kimi Xəzərdə tədqiqatların əsas istiqamətləri üzrə region ölkələri arasında razılaşdırılmış beynəlxalq elmi proqrama ehtiyac var. Bu günə qədər Rusiyanın elmi təşkilatları ilə ilk növbədə Rusiya Elmlər Akademiyası, Moskva Dövlət Universiteti, "Xəzər dənizinin fənlərarası atlası", seysmologiya və geodinamika sahəsində birgə tədqiqatlar, Xəzər dənizinin mühafizəsi, s. Volqanın müasir və paleodeltalarının öyrənilməsi, Xəzər dənizinin səviyyəsinin müəyyənləşdirilməsi, karbohidrogenlərin geokimyası və palçıq vulkanizmi və s. haqda epizodik tədqiqatlar aparılıb.

Gələcəkdə bununla bağlı işçi qrup təşkil etmək lazımdır ki, belə əməkdaşlığın yeni, daha səmərəli formasının təşkili imkanlarını müzakirə edilsin. Biz Xəzər Dənizi Problemləri üzrə Beynəlxalq Mərkəzin təşkilini nəzərdə tuturuq. Həmin istiqamətdə ilk addım atılıb. Belə ki, 2011-ci il aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Xəzər dənizinin Problemlərinin Tədqiqi Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Belə bir mərkəzin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə təşkili Xəzər dənizinin elmi cəhətdən öyrənilməsinə yeni təkan olacaq ki, bu da bir çox alimlərin və təşkilatların həmin nadir obyektin tədqiqi üçün səylərini birləşdirməyə imkan verəcək" , - deyə F.Qədirov qeyd edib
Şərhlər
Sosial bölməsinin xəbərləri