Audiovizual Şura “Həmin Zaur” verilişinə görə ARB-yə xəbərdarlıq edib




Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.

Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:

"29 iyun 2022-ci il tarixdə “ARB” ümumölkə yerüstü televiziya yayımçısının efirində “Həmin Zaur” proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri tərəfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericiliyin pozulması faktı qeydə alınmayıb.

Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb".

Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.

Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını “Media haqqında” Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Şuranın həmin məqama münasibəti belə olub:

"Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ var. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı".



Report
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri