“Nizami” Kino Mərkəzində “Reklam acgözləri gecəsi” keçirilib. Kino Mərkəzindən verilən məlumata görə, “CinemaMixer” şirkəti və “YARAT!” müasir incəsənət məkanı təşkilatçılığı ilə gecədə son 100 ilin ən yaxşı reklam çarxları nümayiş olunub.
Gecədə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, “Nizami” Kino Mərkəzinin direktoru Vüqar Zeynalov, “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova və “CinemaMixer” şirkətinin yaradıcısı, kinorejissor Mehdi Məmmədov və digərləri iştirak edib.
Çıxış edən Ədalət Vəliyev “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən Azərbaycan mədəniyyəti ölkə daxilində və xaricində gənc istedadların, orta və hətta yaşlı nəsildən olan yaradıcı adamların iştirakı ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb.
Qeyd edək ki, keçən əsrin 70-ci illərində fransız sahibkarı Jan-Mari Bursiko tərəfindən yaradılan layihə 30 il ərzində məşhurlaşıb və təkcə 2009-2010-cu illərdə İsveçrə, Serbiya, Rumıniya, Madaqaskar, Moldova, CAR, Polşa, Livan, Belçika, Meksika, Fransa, İtaliya, İspaniya, Ukrayna, Çexiya, Slovakiya, Azərbaycan, Rusiya, Hollandiya, Portuqaliya, ABŞ, Bolqarıstan, Yaponiya, Almaniya, Əlcəzair, Konqo, Küveyt, Mərakeş, Honkonq və s. kimi bir çox dünya ölkələrində keçirilib.