UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırıb



Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin "Sürix" klubu üzərində əldə etdiyi 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb.

Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.

Qeyd edək ki, reytinq siyahısında dəyişikliklər daha aşağı pillələrdə baş verib. Bosniya və Herseqovina aktivindəki xallarının sayı 8,875-ə çatdıraraq 35-ci pilləyə yüksəlib. 36-cı mövqeyə düşən Latviyanın da eyni xalı var. Finlandiya isə 8,750 xalla 37-ci yerə enib.

Geriləyənlərdən biri də Ermənistandır. Bu ölkə 8,125 xalla 41-ci yerə düşüb. Əvəzində Şimali İrlandiya 8,208 xalla 40-cı pilləyə yüksəlib.


Report
Şərhlər
İdman bölməsinin xəbərləri