Qlobal proseslərin Azərbaycanın ərzaq təhlükəsizliyinə təsirləri açıqlanıb



Azərbaycan torpaq və su resursları məhdud olan ölkələrdən biridir və iqlim dəyişikliyi birbaşa Azərbaycanda torpaq və su resurslarına mənfi təsir göstərir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real” TV-yə müsahibəsində deyib.

"Ərzaq təhlükəsizliyi təhdidləri və çağırışları yaradan, dövlətləri narahat edən səbəblərdən biri qlobal səviyyədə iqlim dəyişiklikləri, qlobal istiləşmə ilə bağlıdır. Ötən ilin sonunda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO ) dünyanın torpaq və su resursları-sistem tənəzzül astanasında adlı hesabat dərc edib. Bu hesabatın əsas məğzi ondan ibarət idi ki, hazırda dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün artıq torpaq və su resursları özlərinin son istifadə imkanları həddindədir. Bundan artıq bizim torpaq və su resurslarımız yoxdur. Nəzərə alsaq ki, 2050-ci ilə qədər dünya əhalisinin sayının 10 milyarda yaxınlaşması gözlənilir, o cümlədən qlobal istiləşmə problemi daha kəskin formada artmağa başlayacaq və həmin hesabata görə son 20 ildə dünyada 191 milyon hektar ərazi əkin dövriyyəsindən çıxıb. Yəni, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir. Azərbaycan üçün də bu hal xarakterikdir", - nazir bildirib.

Onun sözlərinə görə, əkin dövriyyəmizin əsas hissəsi 1 milyon hektar ərazi taxıl məhsullarının istehsalı üçün istifadə edilir: “Bunun təqribən 50 %-i suvarılan, digər 50 %-i isə dəmyə ərazilərdir. Quraqlığın gələcəkdə kəskinləşməsi qaçılmazdır. Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-ci ilə qədər Azərbaycanı səhralaşmaya məruz qalan 20 ölkə sırasına daxil edib. Ona görə də su və torpaq resurslarının düzgün istifadə etmək ən vacib amillərdən biridir. Ərzaq təhlükəsizliyi kontekstində ən vacib istiqamət məhz buğda və taxıl məhsulları ilə özümüzü təmin etməyimizdir. Bu məsələlərin aktuallaşdığı ilk günlərdən Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri olub ki, bununla bağlı təkliflər hazırlanmalıdır”.

İ.Kərimov deyib ki, indiyə qədər kənd təsərrüfatının bütün sahələri, o cümlədən əkinçilik və taxılçılıq sahəsi dövlət tərəfindən dəstəklənir: “Əkinçilik sahəsində birbaşa subsidiyaların və texnikaların verilməsi ilə bu sahə dəstəklənir. Həmçinin, Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər barədə” Fərmanın məqsədi bu sahədə dəstək tədbirlərini gücləndirmək, əkin subsidiyasından əlavə fermerlərimizə məhsul subsidiyasını təqdim etməkdir. Ərzaqlıq buğda əkən fermer hektara görə ödənilən subsidiyadan əlavə məhsul subsidiyası alacaq. Hesab edirik ki, bu kifayət qədər təşviqedici alətdir. Bu fermerləri həvəsləndirəcək ki, ərzaqlıq buğda əksinlər”.

O həmçinin qlobal dəyişikliklərin ölkəyə təsirindən danışıb: “Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər var. Bunlardan birincisi son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədə yan ötüşməyib, məhsul istehsalında, həm də məhsulun daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünütəminetməsində bir sıra çətinliklər yaradıb və bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar. Bununla yanaşı, digər səbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır. Münaqişə məhsulun istehsalına mənfi təsir göstərir, o cümlədən məhsulun həmin ölkələrdən çıxarılması, digər ölkələrə çatdırılması, dövlətlərin ərzaq təhlükəsizliyinin təminatında çətinliklər yaradır”.

Nazir əlavə edib ki, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması kənd təsərrüfatı sahəsinə birbaşa təsir edən amillərdən biridir: “Bu, həm fermerlərin gəlirliliyinin azalmasına səbəb olur. Bəzi hallarda fermerlər tərəfindən istehsal vasitələrinin istifadəsinə mənfi təsir göstərir, məhsuldarlıq aşağı düşür və qiymətlərin volatilliyi kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərən amillərdən biri kimi çıxış edir".




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri