Ekspert: "Azərbaycanda meyvələrin əksəriyyəti düzgün saxlanılmadığına görə xarab olur"

  



Azərbaycanda bağ sahibləri meyvələrin saxlanılmasında bir sıra səhvlərə yol verirlər, bu isə məhsulun xarab olmasına səbəb olur.

Bunu öz açıqlamasında aqrar sahə üzrə ekspert Köçəri Həsənov deyib.

Onun sözlərinə görə, meyvə və tərəvəzlərin uzunmüddətli saxlanılmasını təmin etmək üçün onların şok soyutması (əmtəə görünüşünün uzun müddət saxlanılması üçün soyutma üsulu) vacibdir: “Dünyada şoklanma üçün hidrokulerlər istifadə edilir. Hidrokulerin 2000-ci illərdə Avropa İttifaqına üzv olan ölkələrdə tətbiq edilməsi müşahidə edilib. İnsanlar bu texnikanının faydasını dərk etdikcə daha çox istifadə etməyə başlayıblar. Ümumiyyətlə, Avropa ölkələrində əvvəlcədən soyudulmamış meyvələrin həm saxlanılması, həm də satışa çıxarılması mümkün deyil.

Artıq bu meyvələrin yetişmə tərzinin özəl hissələrindən biridir. Amma digər ölkələrdə keçmiş sovet ölkələrində, ərəb ölkələrində hidrokulerlərin tətbiqinə son 2 ildir ki, başlanılıb, o cümlədən Azərbaycanda 2010-cu ildən bu yana hidrokulerlə bağlı məlumatlar yayılıb və müəyyən sahibkarlar bu sahədə məlumatlandırılıb və sahibkarlar hidrokuleri Türkiyədən ölkəyə idxal ediblər. Ümumiyyətlə, 2012-ci ildən etibarən hidrokulerlər Almaniyadan, İtaliyadan, Hollandiyadan, Türkiyədən gətirilib. Almaniyadan, Sloveniyadan gətirilən hidrokulerlərin sayı azdır. Lakin Türkiyədən gətirilənlər üstünlük təşkil edir. Sözügedən ölkələrdən Azərbaycana gətirilən hidrokulerlərin ən ucuzu 300 min manat təşkil edib. Lakin Azərbaycanda istehsal edildiyi hidrokulerlər 200 min manat civarındadır. Buna soyuducu sistemində edilən innovativ dəyişikliklərin hesabına nail olunub. Burda bir çox maliyyə tutumlu sistemlərdən azad olunub və bu soyuducu sistemində 130 min manat dəyərində olan hər hansı bir sistemin, avadanlığın əvəzində təqribən 30 min manat dəyəri olan sistem tətbiq edilib. Bu sistem həddindən artıq özünü doğruldub. 2017-ci ildən etibarən yığılan hidrokulerlər problemsiz işləyib”.

O vurğulayıb ki, hazırda Azərbaycanda hidrokulerlərdən məhsulların saatda ötürücülük qabiliyyəti 5 ton qeyd edilir, amma saatda maksimum 3-3,5 ton təşkil edir: "Biz soyuducu sistemin dəyişdirilməsi hesabına onların ötürücülük qabiliyyətini saatda 10 tona yaxınlaşdırdıq və hidrokulerlərin iş rejimində suyun hərarəti stabil olaraq, 0,5-1 dərəcə arasında qalır. Digər istehsalçıların sistemində vannanın içərisində yerləşdirdikləri üçün tökülən suyun hərarəti dəyişir və vannada suyun hərarətini 6-7 dərəcəyə qaldırır.

Suyun paylanma sistemi unikal bir seçimdə ərsəyə gəlib və tunelin əvvəlindən sonuna qədər hər bir meyvənin üzərinə fasiləsiz su axmasına zəmanət verilir. Filtr sistemi, yalnız su dəyişdirilən zaman (3-4 gündən bir) yuyulur. Hidrokulerin su dəyə biləcək bütün hissələri qida üçün nəzərdə tutulan paslanmaz poladdan hazırlanır. Konveyer xətti sürət qutusu (invektor) ilə təchiz olunur. Hidrokuleri həm stasionar istifadə etmək olar, həm də platforma vasitəsilə ilə enerji mənbəyi olan fərqli yerlərdə işlətmək mümkündür".

Ekspert qeyd edib ki, Azərbaycanda hidrokulerlərin tətbiqinin genişləndirilməsi böyük bağ sahiblərinə malik olan insanların maarifləndirilməsi ilə bağlıdır: "Bu sahədə fəaliyyət göstərən insanlar hidrokulerlərin faydasını bilməlidirlər. Hidrokulerin tətbiqi ilə bağlı meyvələrin tərkibində hansı dəyişiklik getməsini, meyvələrin saxlanma prosesində rolunu, hidrokulerin Avropada bu qədər zərurətə çevrilməsi ilə bağlı məlumatlar daha geniş auditoriyalara çatdırılmalıdır.

Məsələn, Hollandiyada 200 hektardan ibarət bağ təsərrüfatının sahəsində 20 hidrokuler istifadə edilir. Bağdan yığılan meyvələr hidrokulerdən keçdikdən sonra saxlama kameralarına aparılır, daha sonra satışa göndərilir. Avropada bu sistemdən istifadə geniş bir hal alıb. Əfsus ki, qeyd etdiyim kimi Azərbaycanda geniş istifadə edilmir. Bu yaxınlarda belə bir hadisənin şahidi oldum ki, bir fermer 5 maşın gilas gətirib soyuducu kameraya yerləşdirmək istəyir, halbuki soyuducu kamerada məhsul rəngini dəyişir, çünki meyvələrdə öz dölünü qorumaq proqramı, xüsusiyyəti var.

Gilas ağacdan dərildikdən sonra 4-5 saat ərzində sürətlə şirəsini toxumuna verməyə başlayır. Bu vasitə ilə gilas toxumunu mayalandırmış olur, dölünü inkişafa hazırlayır. Canlı orqanizm olduğuna görə hansısa təhlükəyə məruz qaldığı zaman prosesi 2-3 dəfə sürətləndirə bilir. Məsələn, biz gilası yığandan sonra çöldə təbii iqlim şəraitində saxlasaydıq bir həftəyə yavaş-yavaş çürüməyə başlayacaqdı. Amma soyuducu kameraya yerləşdirdiyimiz zaman, soyuq hava gilasın mətinə dəyən zaman gilas şirəsini dənəsinə verir və dölünü inkişaf etdirir. Mən bütün bu prosesləri həmin şəxsə izah etdim və bildirdim ki, soyuducu anbarlara məhsulunu tez yığsan məhsulun tez xarab olacaq, təklif edirəm ki, hidrokulerdən keçirt daha sonra soyuducu kameraya yığ. Həmin şəxs deyir ki, biz hər zaman məhsulu dərən kimi soyuducu anbarlarına yığırıq. Hidrokulerdən keçən məhsulu çəkəndə görürük ki, çəkisi 9,6 kq-dırsa, soyuducu kameradan çıxan gilas 8,2 kq olub".


K. Həsənovun sözlərinə görə, bu gün ölkədə 27 min ton gilas yetişdirilir: "Ondan 19 min tonunu bazara çıxarmaq mümkündür, 8 min tonu isə məhv olur. Bunun əsas səbəbi isə saxlama müddətinə düzgün riayət edilməməsi ilə əlaqədardır. Dərildikdən sonra sahibkarlar bilmirlər ki, məhsulu hansı formada saxlasinlar".

O əlavə edib ki, Rusiyanın əksər yerləri hidrokulerdən keçməyən məhsulu qəbul etmirlər: "Rusiyada Azərbaycandan meyvə alan şəxslərlə həmsöhbət olan zaman deyirlər ki, Azərbaycan gilasını almaq istəmirlər. Çünki, Azərbaycan gilasını piştaxtaya tökən kimi 2 saat ərzində məhsul xarab olur. Çilidən gələn gilasa üstünlük verilir, çünki onun məhsulu gec xarab olur. 2-3 gün məhsul piştaxtada qalır amma rəngini dəyişmir. Çili Avropa ölkələrindən sonra dünyada ən çox hidrokuler tətbiq edən ölkədir. Bunlar demək olar ki, 2005-ci ildən bəri Hollandiyadan ən çox hidrokuler sifariş edən ölkə olub".

Ekspert əlavə edib ki, Azərbaycanda hidrokulerlərin istehsalında Rusiyanın bir sıra elm xadimlərinin əməkləri var: "Nəticədə elə bir sistem ərsəyə gətirilib ki, dünyada bunun analoqu yoxdur. Ümid edirəm ki, bizdə hidrokulerlərin tətbiqi genişlənər. Çünki meyvələrin saxlanma prosesində ən birinci zəruri məqam meyvələrin əvvəlcədən soyudulmasıdır. Əvvəlcədən şoklama sistemi zəhərlənmənin də qarşısını alır. Bu yaxınlarda hidrokulerin yeni modeli tətbiq edələcək. Həmçinin almaların kombaynla dərilməsi ilə bağlı mexanizmin tətbiqi ilə bağlı ciddi araşdırmalar aparılır. Bağların arası ilə hərəkət edən bir mexanizmdir. Bununla yanaşı alma çeşidlənmə xətlərin üzərində iş aparılır. Bütün sahibkarlar bundan yaxından tanışdılar, bunu ən çox Polşada istehsal edirlər, qiymətlər həddindən artıq bahadır. Ən ucuzu 87 min avrodur, bizim ölkədə istehsal olunan həmin xəttin maliyyə tutumu 50 -60 min manat civarında olacaq".



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri