Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatı barədə süjet hazırlayıb.
“Report” xəbər verir ki, süjetdə mətbuatda yayılan, həmçinin Müdafiə Nazirliyinin ictimailəşdirdiyi pilotsuz uçuş aparatlarının zərbə endirməsinin görüntüləri yayımlanıb.
Süjetdə bildirilib ki, erməni yaraqlılarının açdığı atəş nəticəsində səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid olub: “Azərbaycan Ordusu dərhal əks-əməliyyata start verib”.
Vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanması ilə gələn sülh çağırışları istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev son aylarda Ermənistan tərəfini son dəfə xəbərdarlıq edib.
Qeyd olunub ki, antiterror əməliyyatı “Bayraktar TB2” pilotsuz uçuş aparatları vasitəsilə gerçəkləşdirilib: “Əlbəttə, atəşkəsin pozulması halında Azərbaycanın antiterror əməliyyatını həyata keçirəcəyi gözlənilir”.