Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib


Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir.

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.

Telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.






Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri