Səhiyyə Nazirliyi: "Çəkisi 50 kq-dan aşağı olanların qan verməsi tövsiyə olunmur"
- 08.08.2022, 14:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
O bildirilib ki, donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür: "Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir".
Hematoloq vurğulayıb ki, donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir: "Əvvəlcə donorun nəbzi və qan təzyiqi yoxlanılır. Donorun terapevt tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər xəstəliklərin müayinəsi daxildir. Həmçinin qan qrupu və rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi saxlanılır və yalnız donora bildirilir. Qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir. Daha sonra donorun bazusu rezin jqutla sıxılır. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın standart dozası 350-400 ml təşkil edir. Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar".
"İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var. Baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast gəlindiyinə görə də ehtiyac zamanı çətinlik yaranır. Bir eritrosit kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib olur. Bu səbəbdən də daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir", - Ş.Şabanova qeyd edib.
Report