Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

 

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Luve.az-ın məlumatına görə, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan Ağdam klubu 2-ci dəqiqədə Ramil Şeydayevlə qola yaxın olub. Lakin 26 yaşlı hücumçunun zərbəsi qapının üstündən keçib. Buna baxmayaraq, “Qarabağ” 5 dəqiqə sonra istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Ilk hissə “Qarabağ”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya da əla start verən “köhlən atlar”, 55-ci dəqiqədə 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji qola çevirib.

78-ci dəqiqədə Vadjinin dubl edib, seneqallı forvard baxımlı hücumu məntiqi sonluqla başa çatdırıb. 27 yaşlı hücumçu Şeydayevin ötürməsini qapıdan keçirib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri