BVF: Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib

Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə Azərbaycanın qeyri-neft ÜDM-nin artımını 9 faiz səviyyəsində proqnozlaşdırır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin məsləhətçisi Raca Almarzuqi BVF missiyasının Bakıya səfərinin yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

"Qeyri-neft sektorunun artımı əsasən, dövlət xərclərinin hesabına təmin ediləcək və ümumilikdə ölkə ÜDM-nin 4,5 faiz artmasına səbəb olacaq", - Almarzuqi qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib.

"Ölkədə neft istehsalının nisbi məhdud müddəti 2020-ci ilədək respublika iqtisadiyyatının özəl sektorun qabaqcıl roluna söykənən, həmçinin davamlı və hərtərəfli artım ilə səciyyələnən iqtisadiyyata çevrilməsini tələb edir. Bu, mövcud iqtisadi siyasətə dövlət xərclərinin məhdudlaşdırılması və onların səmərəliliyinin artırılması, maliyyə sektorunun möhkəmləndirilməsi, iş mühitinin yaxşılaşdırılmasına yönəldilmiş qətiyyətli dəyişikliklırin edilməsini tələb edəcək", - o qeyd edib.

Onun sözlərinə görə, Bakıya səfərin yekunları üzrə bəyanat bu həftənin sonunda fondun saytında dərc ediləcək. Azərbaycan tərəfindən "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsinə riayət olunması ilə bağlı hesabat mayın birinci və ya ikinci həftəsi açıqlanacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri