Türkiyədə 8 uşağı rəqsə görə məktəbdən qovdular

Türkiyədə 8 uşağı rəqsə görə məktəbdən qovdular Türkiyənin Muğla Bodrum şəhərində Ayşe Gülsevim Ali Rüştü Kaynak Anadolu Liseyi idarəsi mübahisəli qərar verib.

Habertürk xəbərinə görə, liseyin 9-cu sinfinin 8 oğlan şagirdi tənəffüsdə yazı lövhəsinə "Harlem Shake" yazıb, sonra isə rəqs edərək bunu telefona çəkib. Bununla iş bitməyib: şagirdlər həmin videonu internetə yükləyib, üstəlik, məktəbin adını da qeyd ediblər. Stress çıxarmaq istəyilə etdikləri bu hərəkət isə başlarına bəla olub. Məktəbin nizam-intizam üzrə müdiri Mustafa Çelik videonu görəndən sonra onların məktəbdən çıxarılması barədə qərar verib. Qərarı Vilayət İntizam İdarəsi də təsdiqləyib.

Məktəbin müdiri Hakan Camcıoğlu isə uşaqların valideynlərini bir-bir məktəbə çağıraraq övladlarını başqa məktəblərə köçürmələrini tövsiyə edib.

Bildirilir ki, əgər valideynlər uşaqlarının məktəblərini dəyişərlərsə, o zaman bu cəza onların tədrisinə mane olmayacaq, etiraz edərlərsə, o zaman uşaqlarının təhsil həyatına son vermiş olacaqlar.

Bodrum İlçə Təhsil İdarəsinə üz tutan valideynlər etiraz ediblər: "Uşaqlarımız öz aralarında rəqs ediblər, yanlarında qız şagird yoxdur. 15-16 yaşındadırlar və səhvlərini anladılar. Siz heç uşaq olmadınız? Uşaqlarımızı məktəbdən çıxarmayın!"

Amma valideynlərin etirazını Vilayət İntizam İdarəsi rədd edib. Valideynlər isə Təhsil Nazirliyinə şikayət edəcəklərini bildiriblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri