Oğuz-Şəki avtomobil yolunda əsaslı təmir başa çatmaq üzrədir

  





Azərbaycan Avtomobil Yolları Dövlət Agentliy Oğuz-Şəki avtomobil yolunun 34,6 km-lik əsas hissəsinin əsaslı təmirini başa çatdırmaq üzrədir.

Bu barədə "LIVE.az"a qurumdan bildirilib.

Məlumata görə, əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27,6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə bərpa edilir. Layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir. Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.

Hazırda 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri aparılır. Şəki dairəvi yolunun 3,1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəyə uyğun qurulub, yolun 6 km-lik hissəsinin (Salman Mümtaz küçəsi) isə 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun tikintisi davam edir. Layihə üzrə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolunun bərpası yekunlaşıb. 3.2 km-lik Şəki şəhərinə giriş yolunun 3-cü texniki dərəcəyə uyğun təmiri aparılır. Hazırda ərazidə səki daşlarının düzülməsi işləri icra olunur. Görülən işlərə paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri, dayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilir.




Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri