Bakıda V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilir.
Festivalın tərəfdaşları: Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın devizi “Bir bilet – bir ağac” adlanır. Bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edilib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar. Ölkəmizdən 16 film müsabiqədə iştirak edir. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq və qaliblər 11 sentyabr, festivalın bağlanış mərasimində elan olunacaq.
Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Conathan Laskarnın (İsveçrə) ustad dərsi təşkil olunur. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilli Uolles (İngiltərə) və Nəzrin Ağamalıyeva (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vorkşopları keçirilib. “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da festivalın əsas proqramına daxil edilən tədbirlərdən oldu.
9 sentyabr Nizami Kino Mərkəzində "Hətta siçanlar da cənnətə aiddir" adlı tammetrajlı animasiya filminin nümayişi baş tutdu. Film iki qatı düşmən, bədbəxt hadisədən sonra heyvan cənnətində qarşılaşan, balaca siçan və tülkü haqqında bəhs edir. Onlar təbii instinktlərini itirir və ən yaxın dosta çevrilirlər. Yer üzünə qayıtdıqdan sonra birlikdə yaşamaq istəkləri gerçəkləşir, lakin onların bu dəfə rolları dəyişir, siçan tülkü, tülkü isə siçan olur. Dostluğun gücü sayəsində onlar hətta qeyri-mümkün görünən şeylərin öhdəsindən gələ bilirlər.
Film Iva Procházkovánın “Hətta siçanlar da cənnətə aiddir” kitabının motivləri əsasında çəkilib.
"Hətta siçanlar da cənnətə aiddir" filminin nümayişi Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi və Çexiya Respublikası Xarici İşlər Nazirliyinin dəstəyilə keçirildi.
10 sentyabr Azərbaycan və Yaponiya arasındakı diplomatik əlaqələrin 30-ci ildönümü münasibətilə “Hava övladı” animasiya filmin nümayişi baş tutdu.
Dünya hiti “Your Name” (“Sənin adın”) filminin rejissoru Makoto Şinkayın təqdiqçilərin qəbul etdiyi romantik dram əsəri nümayiş olundu. Burada hadisələr müasir Tokionun yağışdan islanmış küçələrində (və səmalarında) cərəyan edir. Oxuduğu ali məktəbin ilk tədris ilinin yayında Hodaka özünün Tokiodakı ucqar ada evindən qaçır və tezliklə aşkar edir ki, onun maliyyə və şəxsi resursları son həddə çatıb. Hava hər gün qeyri-adi dərəcədə tutqun və yağışlı keçir, sanki onun gələcəyindən xəbər verir. O təcrid olunmuş vəziyyətdə yaşayır, nəhayət sirli, mistik bir jurnalda iş tapır. Sonra günlərin bir günü Hodaka qələbəlik olan küçələrin birində Hina ilə qarşılaşır. Bu, – parlaq və iradəli qızın yağışı dayandırmaq və səmanı təmizləmək kimi qəribə və heyranedici bir qabiliyyəti var.
Filmin nümayişi Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondunun dəstəyilə keçirildi.
Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. Digər kateqoriyalarda pul mükafatı, planşetlər və keramik heykəlciklər təqdim ediləcək. 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusu “Gender bərabərliyi”nə həsr olunacaq.