Avropa İttifaqı Rusiyanı yeni sanksiyalarla hədələyib


Avropa İttifaqı Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində “referendum” elan edilməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin bəyanatında yer alıb.

O qeyd edib ki, psevdoreferendumun keçirilməsi barədə elan Rusiyanın Ukrayna sərhədlərinin zorla dəyişdirilməsinə yönəlmiş qanunsuz hərbi nəzarətini qanuniləşdirmək cəhdidir.

“Bu, BMT nizamnaməsinin və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır. Avropa İttifaqı Ukraynanın qanuni və demokratik yolla seçilmiş hakimiyyət orqanlarına zidd, ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüququ kobud şəkildə pozulması kimi nəzərdə tutulan bu “referendumları” qəti şəkildə pisləyir. Bu cür hərəkətlərin nəticələri etibarsız olacaq, Avropa İttifaqı və onun üzv dövlətləri tərəfindən tanınmayacaq”-deyə, o bildirib.

O, əmin edib ki, Rusiya, onun siyasi rəhbərliyi və bu “referendumlar”da və Ukraynada beynəlxalq hüququn digər pozuntularında iştirak edənlərin hamısı məsuliyyətə cəlb olunacaqlar. Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər də nəzərdən keçiriləcək.


Report
Şərhlər
Dünya bölməsinin xəbərləri